Qacar sah film

Sosial şəbəkələrdə “Qətl günü” filmindən yayılan bir səhnə Ağa Məhəmməd Şah Qacarın axtalanması ilə bağlı məsələni yenidən gündəmə gətirib. Müzakirələrdə bir qisim onun böyük hökmdar olduğunu, axtalanması ilə bağlı məsələlərin təhrif edildiyini bildirir. Digər qisim isə “Qətl günü”ndəki bu qorxulu və narahatlıq doğuran səhnənin Qacarı aşağıladığını iddia edir.

Bəs Qacarla bağlı tarixi gerçəklik nədir? Azərbaycan insanı ona necə yanaşmalıdır? Qacar əslində kim idi?

Globalinfo.az-a danışan tarixçi-alim Faiq Ələkbərli deyib ki, Qacar haqqında bu cür görüntülərin və fikirlərin yayılması nə Azərbaycan xalqına, nə də bütövlükdə türk xalqlarına fayda verir:

“Xüsusilə onun qətli ilə bağlı səhnələrin geniş tirajlanması cəmiyyətdə əlavə mübahisələr yaradır. Əksinə, bu cür təqdimatlar tarixi şəxsiyyətə qarşı mənfi münasibətin formalaşmasına xidmət edir. Qacarın həyatında baş vermiş hadisələrin səbəbləri tarixə məlumdur. Onun uşaqlıq dövründə məruz qaldığı faciənin hansı şəraitdə və hansı məqsədlərlə baş verdiyi barədə kifayət qədər tarixi məlumatlar var. Lakin bu hadisələri sosial şəbəkələrdə sensasiya xarakterli şəkildə gündəmə gətirmək və cəmiyyətə məhz bu aspektdən təqdim etmək doğru yanaşma deyil. Unutmaq olmaz ki, Ağa Məhəmməd Şah Qacar Azərbaycan və ümumilikdə türk tarixinin mühüm hökmdarlarından biridir. Sovet dövründə onun şəxsiyyətini gözdən salmaq məqsədilə bu kimi məqamlara xüsusi diqqət yetirilirdi. Təəssüf ki, həmin yanaşmanın izləri bu gün də müəyyən dairələrdə davam edir”.

faiq elekberli e1746428830450

Faiq Ələkbərli

Tarixçi-alim bildirib ki, Qacarlar Səfəvi dövlətinin formalaşmasında mühüm rol oynamış türk tayfalarından biri olub:

“Daha sonra isə yüz ildən artıq müddətdə İran adlanan coğrafiyada hakimiyyətdə olmuş türk mənşəli bir sülalə kimi tarixdə mühüm yer tutublar. Onların kökləri Azərbaycanla sıx bağlıdır və bu gün də ölkəmizin həm şimalında, həm də cənubunda Qacar tayfalarının nümayəndələri yaşayırlar. Tarixi hadisələrə bu kontekstdən yanaşmaq daha doğru olar. Kərim xan Zənd Qacarın gələcəkdə böyük siyasi nüfuza sahib olacağını gördüyü üçün onun qarşısını almağa çalışmışdı. Lakin buna nail ola bilmədi. Əfşarlar dövlətindən sonra bölgədə yenidən türk hakimiyyəti bərqərar oldu və Qacar dövləti yarandı. Tarixi baxımdan əsas diqqət yetirilməli məqam da məhz budur.

İstər Qacarın uşaqlığında üzləşdiyi faciə, istərsə də sonradan Şuşada qətlə yetirilməsi göstərir ki, bu hadisələrin ağır nəticələrini ən çox türk dünyası və Azərbaycan türkləri yaşayıb. Tarixi qiymətləndirmə apararkən diqqəti məhz bu məqamlara yönəltmək daha obyektiv və faydalı yanaşma olardı”.

Ləman İmran
Globalinfo.az

Paylaş: