“Azərbaycan ermənilərə sülh çağırışı etməyəcək, onları…” – Politoloqdan Xankəndi haqda ŞOK

“Etiraf etmək nə qədər ağır olsa da Qarabağ 30 ilə yaxın “boz” nəzarətsiz zona olub. Bunun ən böyük fəsadı isə ondan ibarətdir ki, torpaqlarımız həm dünya narkotika biznesinin mərkəzi, həm də çirkli pulların yuyulma məkanı halına gəlib”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Azərbaycan artıq öz torpağında “boz” nəzarətsiz zonaya dözüm göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, separatçılar artıq küncə sıxışıb onların sonu regionun gələcəyinə birbaşa təsir edəcək:

“Biz 30 ilə yaxın bir müddətdə torpaqlarımızın erməni işğalçı separatçı qüvvələrin “nəzarəti altında “boz” zona olmasına dözməli olmuşuq. Lakin bu əlverişli zamanın yetişməsi üçün məcbur dözməli olduğumuz bir vəziyyət idi.

Azərbaycan işğalla heç bir zaman barışmadığı kimi torpaqlarındakı bu qeyri-müəyyənliyin də əbədi olması ilə razılaşmayacaqdı.

Hər şey mərhələli vahid plan üzrə gerçəkləşir. 44 günlük müharibə ilə torpaqlarımızın böyük bir qismi işğaldan azad oldu. Daha sonra Laçında nəzarət buraxılış məntəqəsi qurduq. Bir çox strateji yüksəklik nəzarətimizə keçdi. İndi isə separatçılara son zərbəni vurmağın vaxtı gəlib çatıb. Söhbət mütləq şəkildə antiterror əməliyyatından getmir. Biz maksimum səbir nümayiş etdirdik. Lakin bu səbrin bir müddəti var.

Hesab edirəm, Hikmət Hacıyevin “qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir” sözləri açıq xəbərdarlıqdır. Bundan sonra Azərbaycan səbir nümayiş etdirməyəcək. Azərbaycan ermənilərə daha sülh çağırışı da etməyəcək. Rejim öz-özünü buraxmasa və tərksilah olmasa, bunu Azərbaycan silahlı qüvvələri də edə bilər”.

Turan Rzayev
Globalinfo.az