Azərbaycan bu beynəlxalq siyahıda yoxdur – SƏBƏB

QS reytinqi ixtisaslar üzrə indeks cədvəli təqdim edib. Rəqəmsal keçid başlayandan sonra meydana çıxan əsas ixtisaslar üzrə reytinq cədvəlinə təhlil edilən 2500 universitetdən cəmi 72-si daxil edilib. Türkiyə, İran və Azərbaycan bu siyahıda yer almayıb. İlk beşlikdə olan universitetlərin 4-ü ABŞ, biri isə İngiltərə universitetidir. Altıncı universitet Sinqapura məxsusdur.

Təhsil sistemimizdə hansı çatışmazlıqlar var? Nə üçün Azərbaycan universitetləri dünya universitetləri sırasında yer ala bilmir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, QS beynəlxalq reytinq üzrə qiymətləndirmə aparan ən obyektiv təşkilatdır:

“Azərbaycan universitetlərinin top beş yüzlük, minlikdə yer almaması ağrılı məqamdır. Belə beynəlxalq təşkilatların reytinqində yer tutmaq üçün universitetlərimiz inkişaf etməlidir. Məşğulluq istiqaməti üzrə təhsilini bitirən tələbələrin əmək fəaliyyətinə başlaması mütləqdir. Tələbələrin elmi məqalələri istinad üçün uyğun, tutarlı olmalı, həm universitetlərin həm də beynəlxalq təşkilatların saytında dərc edilməlidir. Bu reytinqə təsir edən faktorlardandır”.

Təhsil ekspertinin sözlərinə görə, universitetlərin, işə götürənlərin nüfuzu, işə götürmə əmsalı, təhsil keyfiyyəti, ixtisasların prioritetliyi, professor, müəllim heyətinin güclü olması və s. kimi amillər reytinq zamanı diqqətə alınnan məqamlardır:

Elçin Əfəndi

“Universitetlərimiz sadalanan amilləri nəzərə alarsa, qarşıdakı illərdə reytinq cədvəlində daha yaxşı yerləri tuta bilərlər. Göstəricilərinə görə, ölkəmizdə ən prestijli universitetlər siyahısında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti hər zaman reytinq cədvəlində yer alır. Ümumilikdə tələbələrin faktiki məşğulluq məsələsinə diqqət yetirdikdə Bakı Ali Neft Məktəbi, ADA Universiteti, BDU, ADNSU, UNEC daha öndədir. Bu universitetləri bitirən tələbələrin əksəriyyəti əmək fəaliyyətinə başlaya bilirlər. Ölkəmizdə 50-dən çox mülki təyinatlı təsil müəssisələri fəaliyyət göstərir ki, onlar ilk növbədə rəqabətə meyilli olmalıdırlar. İkincisi, özlərini inkişaf etdirməlidirlər. Universitetlər reytinq ölçən təşkilatların nəyə diqqət yetirdiyini müəyyən etməli, öz çatışmayan hissələrini təyin etməli və aradan qaldırmaq üçün yollar axtarıb, tapılmalıdır. Bu problemlər həllini taparsa, gələcəkdə beynəlxalq reytinqlərdə yer ala bilərlər”.

Təhsil eksperti Elmin Nuri isə məsələyə belə münasibət bildirib:

“Azərbaycan universitetlərinin cari və gələcək inkişaf mexanizmi beynəlxalq reytinq cədvəllərinin tələblərinə cavab verməlidir. Bu gün universitetlərdə elə şöbələr var ki, onlar birbaşa reytinq əsaslı irəliləməni öyrənir və o istiqamətdə necə inkişaf etmək lazımdır, onu müəyyən etməyə çalışırlar. Bununla belə universitetlərimizin bir çox beynəlxalq reytinq cədvəllərində yer almasını, irəlidə olduğunu demək çətindir. Doğrudur, universitetlərin hansısa reytiq siyahısında müəyyən irəliləyiş əldə etdiyinin şahidi oluruq.

QS reytinq cədvəllərində müxtəlif ixtisaslar, istiqamətlər üzrə nəticələr öz əksini tapır. Söhbət ümumi reytinqdən gedirsə, bu zaman Azərbaycan universitetlərinin irəliləməsini görmürük. Tələblər həddindən artıq çoxdur.

Elmin Nuri

Universitetlər iş prinsiplərini beynəlxalq reytinq cədvəlləri meyarında qurmalıdırlar. Bu meyarlar çağdaş universitetlərin inkişaf şərtləri ilə uzlaşır. Təqdim olunan siyahıda Azərbaycan, Türkiyə universitetlərinin yer almaması təəssüfləndirici amildir. Azərbaycan universitetlərinin belə yüksək ranqlı reytinq pillələrində olmasını onsuz da görmürük amma ən azından Türkiyənin bir universiteti burada qeyd edilə bilərdi. Görünür, rəqəmsal keçid başlayandan sonra meydana çıxan ixtisasların tədris göstəriciləri, onların kəmiyyət və keyfiyyəti Türkiyə üçün də yaxşı olmayıb. ABŞ, İngiltərə, Sinqapur, Yaponiya və s. universitetləri ilə rəqabət aparmaq region üçün həddindən artıq çətindir”.

Elmin Nurinin sözlərinə görə beynəlxalq reytinq cədvəlində yer almaq üçün bir neçə nüansa diqqət yetirilməlidir:

“Hər bir universitet vahid inkişaf proqramı tərtib etməlidir. Maddi, texniki təminat, tədris göstəriciləri, tədqiqat işləri, elm-biznes əlaqələndirilməsi, infrastruktur və s. kimi parametrlər gücləndirilməlidir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Safura Bənnayeva
Globalinfo.az