AŞPA-da baş verənlərin pərdəarxası: Bakının AT(ƏT) gedişi Avropanı qarışdırıb – EKSKLÜZİV

Globalinfo.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə müsahibəni təqdim edir:

– Səməd bəy, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənmədi. Buna səbəb nə oldu?

– Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi AŞPA-nın qış sessiyasında ilk iclasında gündəmə gətirildi. Qərar isə sessiyanın üçüncü günü verildi.

Bu məsələnin gündəmə gətirilməsinin qeyd edilən səbəbləri 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərildi. Bundan başqa AŞPA-nın növbədənkənar prezident seçkilərində iştirakına icazə verilməməsi də qeyd edilən səbəblər arasındadır.

Əslində bunların hamısı düşünülmüş, qeyri-obyektiv, qərəzli və heç bir reallığa əsaslanmayan səbəblərdir. Bizə görə isə səbəb aydın və bəllidir. Sərgilənən bu qərəzli mövqeyin əsas səbəbi Azərbaycanın Qarabağı işğaldan azad etməsi, ərazi bütövlüyünü bərpa etməsidir.

– AŞPA-nın irəli sürdüyü arqumentlərdən biri xüsusi ilə diqqətimi çəkdi. Söhbət azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verilməməsidir…

– Sözün düzü, mən bilmirəm ki, AŞPA hansı “siyasi məhbuslar”la görüşmək istəyib. Azərbaycanda nə siyasi məhbus anlayışı, nə də siyasi məhbus var.

Məhbuslarla görüşmək məsələsini gündəmə gətirib, bəhanə edən Almaniyanın AŞPA-dakı nümayəndəsi Frank Şvabendir. Onu da deyim ki, bu iddia təəccüblü deyil. Əslində belə iddia bunlarda həmişə olub.

Vaxtilə yüzlərlə insanın adının qeyd edildiyi siyahılar tərtib edib onlarla görüş keçirmək istəyirdilər. Təbii ki, elə insanlar vardı ki, onlarla görüşə bilirdilər. Bəzi məhbusların istintaq müddəti bitmədiyi, ya da başqa səbəblərdən görüşlər alınmaya da bilirdi.

AŞPA-nın hazırkı iddiası isə əsassızdır. Məruzəçilər Azərbaycana gəlib kimlə lazımdırsa görüşüb. Bir daha qeyd edirəm, hansısa məhbuslarla görüş olmaya bilər. Bunun da konkret səbəbi var. Ola bilər kimsə istintaq altındadır və ya kiminsə prosesi hələ yekunlaşmayıb.

Ümumiyyətlə bir məqamı qeyd edim ki, hətta elə olub ki, AŞPA məruzəçisi Azərbaycana gəlməyib. Amma məsələ ilk dəfədir ki, bu qədər böyüyüb. Bu da bir daha onu deməyə əsas verir ki, verilən qərar səslənən iddialar siyasi motivlidir. Əsas məqsəd Azərbaycanın nüfuzunu zədələmək, növbədənkənar prezident seçkilərinə kölgə salmaqdır.

– Siz almaniyalı deputat Frank Şvabenin adını qeyd etdiniz. Maraqlıdır ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi ilk dəstəkləyən, habelə qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilməsini qeyd edən də odur. Bu şəxsin və onun timsalında Almaniyanın Azərbaycan ilə problemi nədir?

– Burada rəsmi Berlinin qərəzi açıq-aydın sezilir. Bundan başqa Fransanın təsiri ilə addım atdıqları da göz önündədir. Bu islamofob, türkofob, Azərbaycanafob təfəkkürdür. Bir daha qeyd edirəm ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müdaxilə etmək istəyirlər.

Diqqət etsəniz burada həm də ATƏT-ə bir qısqanclıq var. Belə ki, Azərbaycan növbədənkənar prezident seçkilərinə ATƏT təmsilçilərini dəvət edib. AŞPA məhz onların deyil, ATƏT-in dəvət edilməsini qəbul edə bilmir. Əslində bunun obyektiv səbəbləri var:

Birincisi, AŞPA Azərbaycana qarşı həmişə qərəzli mövqe sərgiləyib. 2023-cü ilin oktyabr ayında AŞPA-da əleyhimizə qəbul edilən qətnamənin mətninə baxmaq belə bu təşkilatın bizə qarşı qərəzli mövqeyini görməyə bəs edir.

Səməd Seyidov AŞPA-nın Büro iclasında iştirak edəcək

İkincisi, Azərbaycan yaxşı bilir ki, AŞPA nümayəndələri seçkilərdə iştirak etsə nəticənin necə olmasından asılı olmayaraq onların rəyi eyni olacaq.

ATƏT isə beynəlxalq bir strukturdur və dünya miqyasında tanınır. Buna heç kəsin şübhəsi ola bilməz. Lakin görünür, Frank Şvaben buna şübhə edir. Bu onun öz problemidir. Şübhə edirsə problemini ATƏT-lə həll etməlidir.

– Səməd bəy, aydın məsələdir ki, AŞPA-dakı proseslərin pərdəarxasında Fransa dayanır. Hətta biz Fransa-Almaniya tandeminin şahidi oluruq. Fransa Almaniyanı qabağa verib, AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır?

– Təəssüf ki, bu gün Almaniya birbaşa Fransanın təsiri altındadır. Rəsmi Berlin müstəqil siyasət apara bilmir. Bu da özünü təkcə AŞPA-da deyil, digər təşkilat və strukturlar da göstərir.

– Azərbaycanın AŞPA nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib və fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırıb. Azərbaycan AŞPA-nı birdəfəlik tərk edəcək?

– İlk öncə onu deyim ki, mən millət vəkiliyəm və Azərbaycanın AŞPA-nın tərk etməsi ilə bağlı qərar mənim səlahiyyətimdə deyil. Ancaq mən 23 ildir AŞPA-da çalışan bir millət vəkili kimi deyə bilərəm ki, AŞPA iflasa uğrayır. Təşkilatda qalıb fəaliyyət göstərməklə çətin ki, bir də münasibətlər əvvəlki kimi olsun.

– Məlum olduğu kimi, Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya olub. Bundan başqa türkiyəli deputatlardan biri də Azərbaycan əleyhinə səs verib.

– Əslində bu məsələdə Türkiyə bizi tam dəstəkləyir. Türkiyə nümayəndələri içərisində əleyhimizə səs verən millət vəkili Türkiyəyə qarşı siyasəti ilə məşhur HDP millət vəkilidir. Türkiyə nümayəndə heyəti bizə tam dəstək verdi. Hətta çıxışları da oldu. Daha sonra özüm də onlarla danışdım.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az