heccavi

Fələstinin Yerli İdarəetmə naziri Sami Həccavi Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edib.

Nazir Globalinfo.az-a müsahibə verib, gənclik illərində Azərbaycanda olduğunu bildirib.

Müsahibəni təqdim edirik:

WUF13-ün Bakıda keçirilməsini necə qiymətləndirirsiniz?

– Əlbəttə ki, müsbət qiymətləndiririk. Biz buraya Fələstin xalqından dostlarımıza və beynəlxalq ictimaiyyətə çox mühüm mesajlar çatdırmaq üçün gəlmişik. Bugünlərdə İsrail hökumətinin xalqımıza qarşı həyata keçirdiyi tədbirlər, Qəzzanın dağıdılması və Qəzzadakı müharibə səbəbindən Fələstin xalqı çox ağır şəraitdə yaşayır.

S.Həccavi Fələstin xalqının dostlarının, o cümlədən Azərbaycanın dəstəyinə ümid etdiklərini də qeyd edib:

– Biz bilirik ki, Azərbaycan xalqı və Azərbaycan hökuməti də Fələstinə rəğbət bəsləyir. Biz Qəzzanın yenidən qurulması və Fələstin probleminin iki dövlətli həll prinsipi əsasında həlli üçün BMT qətnamələrinin həyata keçirilməsində bu dəstəyə arxalanırıq.

S.Həccavi Azərbaycana göstərilən qonaqpərvərliyə və bu mühüm forumun təşkilinə görə təşəkkür edib:

– Deyə bilərəm ki, bugünkü təşkilatçılıq çox gözəl və çox uğurludur. Çox sağ olun.

– Bu, sizin Bakıya ilk səfərinizdir? Təəssüratlarınız necədir?

– Xeyr, ilk səfərim deyil. Yenidən Bakıda olmaq mənim üçün böyük şərəfdir. Mən Bakıda təhsil almışam və 1987-ci ildə Sənaye və Mülki Tikinti fakültəsini bitirmişəm. İlk dəfə Bakıya 1977-ci ildə gəlmişəm. Mən sənaye və mülki tikinti ixtisası üzrə təhsil almışam, universiteti fərqlənmə diplomu ilə bitirmişəm və aspiranturaya qəbul olunmuşam. Dissertasiyamı böyük azərbaycanlı alim Abbas Mustafayevin rəhbərliyi altında torpaq mexanikası və bünövrə sahəsində yazmışam.

Nazir deyib ki, ölkəsinə qayıtdıqdan sonra bu peşə üzrə Fələstinə xidmət edib və sonda Fələstin hökumətində Yerli İdarəetmə naziri vəzifəsinə təyin olunub:

– Yenidən Bakıda olduğum üçün çox şadam. Bakını 1987-ci ildə tərk etmişəm, demək olar ki, 39 il əvvəl. Yenidən Bakının xatirələrini, küçələrini, tələbə yoldaşlarımı və müəllimlərimi yada salmaq mənim üçün böyük şərəfdir.

– Sinif və universitet yoldaşlarınızla indi də əlaqə saxlayırsınız?

– Bəli, Facebook və Instagram vasitəsilə əlaqə saxlayırıq. 40 il çox böyük zaman aralığıdır, amma bəziləri ilə hələ də ünsiyyətimiz var.

Azərbaycan dilini bilirsiniz?

– Bəli, bir az bilirəm. “Çox sağ ol”, “Axşamınız xeyir”, “Necəsən?” – bir az.

– Bakıda kiminlə yaşayırdınız? Tələbə kimi tək, yoxsa ailənizlə?

– Biz Musabəyov küçəsində yerləşən tələbə yataqxanasında yaşayırdıq. Mən orada tələbə kimi tək qalırdım, amma dünyanın bir çox ölkəsindən olan tələbələrlə birlikdə yaşayırdıq. Məsələn, Afrikadan, Yaxın Şərqdən və başqa ölkələrdən olan tələbələrlə.

– Siz Yasamalda yaşadığınızı dediniz. Bakıda olduğunuz müddətdə Yasamalı ziyarət edəcəksiniz?

– Əlbəttə. Ayın 19-da, universiteti ziyarət edəcəyəm. İndi həmin universitet Azərbaycan Memarlıq və İnşaat Universiteti adlanır. Rektorla görüş olacaq və əlbəttə ki, mən təhsil aldığım mexanika kafedrasını və Yasamaldakı yataqxananı da ziyarət edəcəyəm. Biz Yasamalda yaşayırdıq. Universitet Şərifzadə küçəsində yerləşirdi. Mən həmçinin vağzalın yaxınlığında yerləşən Azərbaycan Neft və Kimya İnstitutunda rus dili də öyrənmişəm.

Tələbə yoldaşlarınızla əlaqənizin olduğunu dediniz. Onlarla görüşməyi planlaşdırırsınız?

– Təəssüf ki, hamının ünvanı məndə yoxdur. Amma çalışacağam ki, onlarla əlaqə saxlayım və Bakıda olduğumu onlara bildirim. Ümid edirəm ki, onların bir çoxu ilə görüşəcəyəm.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: