Araikdən sonra gözlər Paşinyanda: Ermənistanda hakimiyyət dəyişir? – “Düyməyə basılıb”

“Son zamanlar Ermənistan baş naziri Nikol Paşinyanla qondarma respublikanın başçısı Araik Arutyunyan arasında gərginlik artmaqda idi. Bunun əsas səbəbi Azərbaycanın diplomatik uğurudur”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov erməni separatçıların qondarma lideri Arayik Arutyunyanın istefası sonrası Ermənistan Baş naziri Nikol Paşinyanın da ehtimal istefası haqda danışarkən deyib.

Kənan Novruzov

O bildirib ki, tərəflər üzləşdikləri məğlubiyyətə görə artıq bir-birlərini günahlandırmağa başlamışdılar:

“İkinci bir tərəfdən isə nəzərə almaq lazımdır ki, Arutyunyan Rusiyanın adamıdır. Amma Paşinyan Qərbin layihəsidir və hazırda “iki daşın arasında qalıb”. Yəni Arayik və Nikolun maraqları üst-üstə düşmür.

Bu mənada Arayikin istefasının Paşinyanın da hakimiyyətdən gedəcəyinə dəlalət etməsini düşünmürəm. Əksinə, bu, Ermənistan baş nazirinə sərf edir. Bundan sonra Paşinyan daha sərbəst ola bilər. Təbii ki, separatçıların başçısı vəzifəsinə yenə də öz kadrını təyin etməsə.

Ümumiyyətlə, Ermənistanda yaxın vaxtlarda hakimiyyət dəyişikliyinin baş tutacağına inanmıram. Paşinyan hakimiyyəti üçün bir neçə dəfə təhlükə olub. Amma o, hər dəfə bu təhlükələri dəf etməyi bacarıb. Odur ki, yenə də iqtidarını davam etdirəcək. Bu isə bizim maraqlarımıza uyğundur”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və Qarabağın onlar üçün hazırkı ağır durumunun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsi ilə əlaqələndirirlər:

Elxan Şahinoğlu

“Onlar hesab edirlər ki, nə qədər ki, Nikol Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın tamamı ilə yanaşı Qərbi Zəngəzuru da ələ keçirəcək.

Erməni radikalların məntiqinə görə, Nikol Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə düzəldə biləcəklər.

Bunlar anlamaq istəmirlər ki, İkinci Qarabağ müharibəsi bölgədəki şərtləri dəyişib, Paşinyanın yerində kim olursa-olsun Azərbaycan Qarabağın tamamını nəzarətə götürmək siyasətindən imtina edən deyil. Düyməyə basılıb, geri dönüş mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az