Barışmaz rəqiblər yaxınlaşır: Ərdoğanın kritik addımının səbəbi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri kifayət qədər müsbət məqamlarla yadda qalıb. Belə ki, Türkiyə və Yunanıstan liderləri qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlərlə yanaşı, davamlı, konstruktiv və mənalı məsləhətləşmələr aparmağa dair razılaşma əldə ediblər. Bundan başqa, tərəflər Afina Bəyannaməsini imzalayıblar.

Diqqətçəkən digər nüans isə Yunanıstan Baş naziri Kiriakos Miçotakisin Prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında Afinanın Türkiyəni Avropa Birliyinə (AB) daxil olması prosesində dəstəkləyəcəyini deməsidir.

Maraqlıdır, Ankara və Afina arasında münasibətlər normallaşır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlqar Vəlizadə xatırladıb ki, Türkiyə və Yunanıstan iki barışmaz rəqibdir:

“Xüsusilə rəsmi Afinanın sərgilədiyi mövqe, etdiyi şıltaqlıqlar Aralıq dənizində tez-tez bu iki ölkəni qarşı-qarşıya gətirir. Sonuncu dəfə Afinanın 12 adanı qanunsuz şəkildə silahlandırması səbəbilə iki ölkə üz-üzə gəlmiş, hətta real müharibə vəziyyəti yaranmışdı. Məhz bütün bu məsələləri nəzərə alıb demək olar ki, gərginliyin yenidən artma ehtimalı var.

İlqar Vəlizadə

Lakin bütün bunlara baxmayaraq, mövcud yaxınlaşma müsbətdir. Görünür, tərəflər problemləri bir müddətlik təxirə salıb, çünki regionda geosiyasi vəziyyət gərginləşir. Afina və Ankara isə kartları düzgün oynamaq istəyir. İndiki məqamda Yunanıstanla gərginliyin azaldılması Türkiyənin maraqlarına uyğundur. Çünki Ankara üzünü Yaxın Şərqə çevirmək istəyir. Bundan başqa, Cənubi Qafqaz məsələlərində də Ankaranın maraqları var”.

Turan Rzayev
Globalinfo.az