cinnn

Çində bir kişi anasını toyuna dəvət etmədiyi üçün işdən çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mothership” nəşri yazıb.

Məlum olub ki, kişi anasını xarici görünüşünə görə utandığından toya çağırmayıb.

“Müdir toy zamanı bəyin anasını şənlikdən kənarda, zavodun yaxınlığında tək oturduğunu görüb. O, qadından niyə oğlunun toyunda iştirak etmədiyini soruşub. Əməkdaş cavab verib ki, anasını “çirkin” hesab edir və onun görünüşünün qonaqlar qarşısında özünü biabır edəcəyindən qorxur.

Bu cavab şirkət rəhbərini qəzəbləndirib. O, xatırladıb ki, həmin əməkdaş iki yaşında atasını itirib və onu təkbaşına böyüdən məhz anası olub. Söhbətdən sonra sözügedən şəxs işçini işdən çıxarıb.

Bir müddət sonra kişi geri qayıdaraq ona ikinci şans verilməsini xahiş edib. O, yaxşı maaşlı işini itirdikdən sonra belə bir yer tapmağın nə qədər çətin olduğunu başa düşdüyünü deyərək rəhbərinin qarşısında diz çöküb. Lakin müdir onu yenidən işə götürməkdən imtina edib”, – deyə bildirilib.

Bununla belə, sahibkar həmin şəxsin anasına kömək etmək qərarına gəlib. Qadına şirkətin logistika şöbəsində əvvəlki maaşı saxlanılmaqla iş təklif olunub.

Hadisə Çin sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sahibkarın qərarını dəstəkləyərək bunun insanın xarakteri ilə bağlı məsələ olduğunu bildiriblər. Digərləri isə işdən çıxarılmanı həddindən artıq sərt addım hesab edərək, əməkdaşın valideynləri ilə münasibətlərinin şəxsi həyatı olduğunu və işini vicdanla yerinə yetirdiyi halda buna görə cəzalandırılmasının düzgün olmadığını qeyd ediblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: