Altı saatlıq iclasda nə baş verib? – Araikin “istefa”sı haqda yeni məlumatlar

 

“Araik Arutyunyanın istefaya getməsi üçün siyasi qüvvələrin təzyiq göstərməsi barədə söz-söhbətlər həqiqəti əks etdirmir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri qondarma parlamentin “deputat”ı Metakse Akopyan deyib.

“Əksinə, bugünlərdə keçirilən altı saatlıq gecə iclasında Arutyunyanı istefaya məcbur etdikləri iddia edilən iştirakçılar tərəfindən vəziyyətdən çıxış yolu kimi bir çox təkliflər irəli sürülüb. Bu təkliflərə Arutyunyan məsləhətləşib, qərar verəcəyini deyib”, – o, bildirib.

Metakse Akopyanın sözlərinə görə, onun partiyası Bakı ilə Xankəndi arasında birbaşa danışıqlara alternativ təklif edib.

“Partiyamızın sədri “3+1” adlı format yaratmağı təklif etdi. 10 noyabr bəyanatını imzalayan tərəflərin təmsilçilərindən ibarət işçi qrup yaradılmasını bildirdi. Bu formata Qarabağın təmsilçiləri də cəlb olunmalı, onlar vəziyyəti müzakirə etməli, Qarabağ və Azərbaycan təkliflər irəli sürməli, bir-birilərinə tələblərini çatdırmalıdırlar.

Əgər hazırkı “hakimiyyət” bunu edə bilsə, bu, yeganə çıxış yolu idi. Əgər edə bilmirsə, başqalarına şans verməlidir. Arutyunyan dedi ki, bu məsələ ilə bağlı məsləhətləşməlidir. Mən bilmirəm kimlə məsləhətləşdi və istefaya getmək qərarı qəbul etdi”.

Tahir Turan
Globalinfo.az