Almaniya ilə Rusiya arasında hərbi qarşıdurma yaşanacağına dair iddialar artır. Almaniya, Ukrayna müharibəsi ərəfəsində və savaş başlayandan sonra Moskvaya qarşı öz loyallığı ilə seçilirdi. Hətta Ukraynaya hərbi texnika verməkdən yayınan əsas dövlət idi.
İndi nə dəyişdi? Həqiqətən Rusiya ilə müharibəyə hazırlıq görülür?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Almaniya uzun müddət Rusiya-Ukrayna müharibəsinin dayandırılması və atəşkəsin əldə olunması üçün diplomatik səylər göstərsə də, Moskva hərbi əməliyyatlarını davam etdirir:
“Artıq təhlükə yalnız Ukrayna ilə məhdudlaşmır. Avropanın müxtəlif ölkələri Rusiyanın hibrid təhdidləri ilə üzləşir və bu vəziyyət Almaniyanın öz təhlükəsizliyi üçün də ciddi narahatlıq yaradır. Göründüyü kimi, Berlin Rusiyadan gələn təhlükəni artıq uzaq perspektivin problemi kimi deyil, birbaşa Avropanın təhlükəsizliyi məsələsi kimi qiymətləndirir.
Bu səbəbdən Almaniya müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində daha geniş addımlar atır. Ölkənin hərbi potensialının artırılması, Bundesverin imkanlarının genişləndirilməsi və hərbi xidmət məsələsinin yenidən gündəmə gətirilməsi bunun göstəriciləridir. Almaniya, həmçinin NATO-nun şərq cinahının, xüsusilə Baltik regionunun təhlükəsizliyinin gücləndirilməsində daha fəal rol oynamağa çalışır.

Məhəmməd Əsədullazadə
Bununla belə, yaxın perspektivdə Rusiya ilə Almaniya arasında birbaşa müharibənin baş verməsi real görünmür. Nə Moskva, nə də Berlin belə bir qarşıdurmaya getməkdə maraqlıdır. Lakin geosiyasi vəziyyətin gərginləşməsi, Rusiyanın Polşa və digər Avropa ölkələrinə yönələn təhdidləri, o cümlədən NATO ilə qarşıdurmanın dərinləşməsi təhlükəsizlik risklərini artırır.
Almaniya artıq Ukraynaya genişmiqyaslı hərbi, maliyyə və logistika dəstəyi göstərir, bu siyasətin davam etdirilməsi gözlənilir. Berlinin əsas məqsədlərindən biri Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və Rusiyanın Avropada təhlükəsizlik balansını öz xeyrinə dəyişməsinin qarşısını almaqdır. Almaniyanın hərbi potensialını artırması mütləq şəkildə Rusiya ilə müharibəyə hazırlaşması kimi qiymətləndirilməməlidir. Daha çox bu, Avropada dəyişən təhlükəsizlik mühitinə və Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı uzunmüddətli risklərə uyğunlaşma siyasətidir”.
Turan Rzayev
Globalinfo.az