Allahverdi bagirov 112111

Ağdam, “Qarabağ“ın oyunlarının keçirildiyi “İmarət” stadionu. Futbolçuların və oyuna baxmağa gələnlərin göz yaşları dayanmır. Bu zaman ermənilər Ağdama iki ədəd Qrad raketi atırlar. Heç kim yerindən tərpənmir. Çünki həmin an “İmarət”də “Qarabağ”ın oyunçusu olmuş, minlərlə insanın xilaskarı və Ağdamı müharibənin ilk günlərindən qoruyan Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılırdı.

Onun ölümü hələ də müəmmalı qalıb.

1992-ci il iyunun 12-də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edildi. Allahverdi inanırdı ki, öz batalyonu ilə Xankəndiyə qədər irəliləyəcək. Amma Vətənimizin bu cəsur övladı arzusuna çata bilmədi, gözətçi məntəqəsini yoxlayıb geri qayıdanda şəhid oldu.

Şahidlərin dediyinə görə, o, çox gümrah və sevincli olub, çünki əməliyyat uğurla keçmişdi. Allahverdi Bağırov Naxçıvanik kəndində erməni batalyon komandirinin kabinetinə daxil olur. Orada erməni zabitinin yarımçıq qalmış çayını və radiostansiyasını görüb “Biz gəldik, onlar qaçdı” demişdi.

Maşına əyləşməzdən əvvəl uşaqlara ehtiyatlı olmağı, mövqeləri möhkəmləndirməyi tapşırıb. Geri dönəndə minaya düşdü.

Şahidlər deyir ki, Allahverdi Bağırov hələ sağ idi, maşının təkəri üstünə düşmüşdü, lakin nəfəs alır və danışırdı. Xəstəxanaya aparılır… və bir müddətdən sonra elan edilir: Allahverdi Bağırov şəhid oldu. Minlərlə ağdamlı göz yaşları içində xəstəxananın həyətinə axışmışdı ki, son dəfə öz Qəhrəmanlarını yola salsınlar.

Necə? Niyə? Suallar qalmaqda davam edir. Mina ora hardan gəlib çıxıb? Getdiyi yoldan qayıdanda “ermənilər” ora necə mina qoya bilərdi? Axı həmin vaxt ora ermənilərdən təmizlənmişdi. Onlar hardan bilirdilər ki, Allahverdi Bağırov məhz həmin yolu geri qayıdacaq?

Allahverdi Bağırov XX əsrin ən dəhşətli faciəsi – Xocalı soyqırımı zamanı misilsiz xidmətlər göstərib. O, çox böyük qətiyyət və mərdlik göstərərək komandirlik etdiyi batalyona göstəriş verib və qaçıb canını qurtarmaq istəyən yüzlərlə Xocalı sakininin köməyinə çataraq onları ölümün pəncəsindən alıb.

O, vəhşicəsinə qətlə yetirilib çöllərdə qalmış cəsədləri ərazidən yığdırıb, dəfn etdirmiş, yaralıları, donmuş adamları xəstəxanaya çatdırıb. Bu işlərin çoxunu şəxsi vəsaiti hesabına edib.

Yeganə komandir idi ki, qabaqda gedirdi. Çox ciddi, tələbkar adam idi. Düşmənləri işğal etdikləri kəndlərdən çıxaranda bir əmr verirdi: “Birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik”.

Xocalıdan olan əsir qadınların ayaqlarının donmaması üçün əsgərləri ilə birgə ayaqqabılarını çıxarıb özləri qarın içində ayaqyalın Ağdama gələn məhz Allahverdinin özü və dəstəsi idi.

Ruhun şad olsun, Komandir!

Prof.Dr. Zaur Əliyev

Paylaş: