
“ABŞ-da noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində Pentaqon xarici müdaxilə cəhdlərinə qarşı kəşfiyyat və kiberməkan imkanlarından istifadə etməyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, ABŞ müdafiə naziri Pit Heqset Pentaqona seçkiləri xarici təsirlərdən qorumaq məqsədilə qabaqcıl kəşfiyyat, rəqəmsal imkanlar və süni intellekt texnologiyalarından yararlanmaq barədə göstəriş verib:
“Sentyabrın 22-də təsdiqlənən memorandumda xarici müdaxilə cəhdlərinin müəyyənləşdirilməsi, qarşısının alınması və neytrallaşdırılması üçün yeni imkanlardan istifadə nəzərdə tutulur.
Sənədə əsasən, Pentaqon hərbi kəşfiyyat resurslarından ABŞ seçkilərinə qarşı mümkün xarici təhdidlər barədə məlumatların toplanması və emalı üçün istifadə edəcək. Eyni zamanda ABŞ Kiber Komandanlığı ilə Daxili Təhlükəsizlik Departamentinin birgə fəaliyyəti çərçivəsində seçkiləri hədəf ala biləcək kiber təhdidlərə qarşı tədbirlər görüləcək.
Bu təşəbbüs çərçivəsində süni intellekt texnologiyalarından da istifadə olunacaq. Bununla belə, söhbət seçki məntəqələrinə hərbi qüvvələrin yerləşdirilməsindən getmir.
Pentaqonun açıqladığı yanaşmaya görə, əsas diqqət xarici aktorların seçki prosesinə mümkün kiber və digər rəqəmsal müdaxilələrinin qarşısının alınmasına yönəldiləcək”.
Safura Bənnayeva
Globalinfo.az