ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatında qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı 2027-ci ilin yazına qədər genişmiqyaslı, sistemli hücumlar vasitəsilə kapitulyasiyaya məcbur etmək istəyir.
Bildirilib ki, Moskvanın Ukraynadakı münaqişədə qələbəsi Rusiya Silahlı Qüvvələrinin resursları imkan verdiyi müddətcə zərbələrini gücləndirməsi və sürətləndirə bilməsindən asılıdır.
Məlumata görə, Rusiyanın müxtəlif zərbə arsenalı və Ukraynanın hava hücumundan müdafiə vasitələrinin olmaması Rusiya qüvvələrinə hazırkı zərbə tempini qorumağa və hədəf diapazonunu genişləndirməyə imkan verir.
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, bu məsələyə daha dəqiq qiymət vermək üçün noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərin nəticələrini gözləmək lazımdır:
“Hazırda Tramp administrasiyası üçün əsas siyasi prioritet məhz bu seçkilərdir. Seçkilərdən sonra Vaşinqtonun Ukrayna siyasətində müəyyən dəyişikliklərin baş verməsi mümkündür. Trampın Rusiya siyasətində də ziddiyyətli məqamlar diqqət çəkir. Bir tərəfdən Ukraynada müharibənin dayandırılmasına çalışır, digər tərəfdən Moskva ilə münasibətlərin tamamilə qopmasını istəmir. Dekabrda keçiriləcək G20 sammitinə Vladimir Putinin dəvət olunması da bu yanaşmanın göstəricilərindən biridir. Əgər tərəflər arasında görüş baş tutarsa, Ukrayna müharibəsinin gələcək taleyi ilə bağlı müəyyən istiqamətlərin orada daha da dəqiqləşdirilməsi mümkündür.

Cavanşir Abbaslı
Müharibənin qış aylarında davam etməsi isə hər iki tərəf üçün ciddi sınaq olacaq. Qış Rusiyanın hərbi əməliyyatlarını çətinləşdirsə də, Ukrayna üçün də öz ərazisində uzunmüddətli müharibə aparmaq asan deyil. Buna görə də qarşıdakı aylarda hərbi dinamikanın dəyişməsi mümkündür. Hazırda isə müharibənin Ukraynanın kapitulyasiyası ilə nəticələnəcəyini söyləmək üçün əsas yoxdur. Son dövrdə Ukraynanın Rusiya ərazisinə zərbələrinin intensivliyinin artması Kiyevin hərbi imkanlarını və müqavimət əzmini nümayiş etdirir. Bu tendensiya davam edərsə, Rusiyanın qarşısında duran hərbi və siyasi çətinliklər də arta bilər. Ona görə də yaz aylarında Ukraynanın “ağ bayraq qaldıracağını” indidən proqnozlaşdırmaq düzgün olmaz. Müharibənin gedişinə təsir edən həm hərbi, həm də siyasi amillər hələ dəyişkəndir. Qarşıdakı dövrdə əsas müəyyənedici məqamlar ABŞ-dakı seçkilərin nəticələri, Vaşinqton-Moskva münasibətləri və cəbhədəki real vəziyyət olacaq. Hesab edirəm ki, indiki mərhələdə ən doğru yanaşma qəti nəticə çıxarmaqdansa, proseslərin inkişafını izləməkdir”.
Turan Rzayev
Globalinfo.az