
ABŞ qüvvələrinin İraqdakı son hərbi bazalardan çıxarılması sentyabrın 30-dək başa çatdırılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Beləliklə ABŞ-ın İraqdakı 20 ildən artıq davam edən hərbi iştirakı yeni mərhələyə keçəcək. Bu müddət ərzində İraqda 4 500 amerikalı hərbçinin həlak olduğu bildirilir.
İranın dəstəklədiyi silahlı qruplar ABŞ qüvvələrinin çıxmasını “tarixi qələbə” kimi qiymətləndirirlər. İraqın bəzi təhlükəsizlik rəsmiləri isə prosesin vaxtından əvvəl olduğunu düşünür və ABŞ hərbçilərinin gedişinin ölkədə təhlükəsizlik boşluğu yarada biləcəyindən narahatdırlar.
ABŞ 2003-cü ildə Səddam Hüseyn hakimiyyətinin devrilməsi ilə nəticələnən hərbi əməliyyat çərçivəsində İraqa daxil olub. 2011-ci ildə əsas qüvvələrini ölkədən çıxaran Vaşinqton 2014-cü ildə İŞİD-lə mübarizə məqsədilə yenidən İraqa qayıdıb.
Safura Bənnayeva
Globalinfo.az