isvec ailesi

Ailə institutu, gender münasibətləri və demoqrafik proseslər cəmiyyətin sosial inkişafını müəyyən edən əsas amillərdəndir. Ailənin möhkəmliyi, gender bərabərliyinin təmin olunması və sağlam demoqrafik göstəricilər cəmiyyətin sosial rifahına, iqtisadi inkişafına və uzunmüddətli dayanıqlılığına birbaşa təsir göstərir. Son illərdə ailə modelində baş verən dəyişikliklər, nikah və doğum göstəricilərində müşahidə olunan dinamika, eləcə də qadın və kişilərin cəmiyyətdəki roluna dair müzakirələr daha da aktuallaşıb. Bu proseslər qloballaşma, urbanizasiya, iqtisadi amillər və sosial transformasiyalar fonunda yeni çağırışlar formalaşdırır.

Bu sahədə müşahidə olunan dəyişikliklər təkcə sosial deyil, həm də iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Əhalinin yaş strukturunda baş verən dəyişikliklər, doğum səviyyəsinin dinamikası, ailə dəyərlərinin transformasiyası və gender münasibətlərindəki yeniliklər ölkənin gələcək inkişaf perspektivlərinə təsir göstərən mühüm amillər kimi qiymətləndirilir.

Bəs Azərbaycanda ailə institutunun mövcud vəziyyəti necə qiymətləndirilir? Gender münasibətləri və demoqrafik dəyişikliklər cəmiyyətin gələcəyinə necə təsir göstərə bilər? Bu istiqamətdə hansı addımların atılması zəruridir?

Globalinfo.az-a danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, ailə institutu hər bir cəmiyyətin mənəvi, sosial və demoqrafik dayağıdır:

“Azərbaycanın dövlət siyasətində də ailənin qorunması, sağlam nəsillərin yetişdirilməsi və milli-mənəvi dəyərlərin yaşadılması prioritet istiqamətlərdən biridir. Məhz ailədə formalaşan dəyərlər gələcək cəmiyyətin keyfiyyətini müəyyən edir. Buna görə də ailə institutu, gender münasibətləri və demoqrafik proseslər yalnız sosial məsələ deyil, həm də ölkənin milli təhlükəsizliyi, iqtisadi inkişafı və davamlı gələcəyi ilə birbaşa bağlı strateji istiqamətlərdir”.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda ailə institutu ümumilikdə öz möhkəmliyini qoruyub saxlayır:

“Lakin dünya miqyasında müşahidə olunan qloballaşma, urbanizasiya, miqrasiya, rəqəmsal texnologiyaların sürətli inkişafı, həyat tərzinin dəyişməsi və iqtisadi amillər ailə münasibətlərinə də təsirsiz ötüşmür. Son illərdə nikahların sayında azalma, boşanmaların müəyyən səviyyədə artması, ilk nikah yaşının yüksəlməsi və doğum göstəricilərində enmə meyilləri diqqətlə izlənilməli olan tendensiyalardır. Bu proseslər təkcə Azərbaycana xas deyil, dünyanın bir çox ölkələrində müşahidə olunur. Lakin onların uzunmüddətli nəticələri əmək bazarına, sosial müdafiə sisteminə, əhalinin yaş strukturuna və ümumi demoqrafik inkişafa təsir göstərə bilər. Bu baxımdan demoqrafik siyasətə yalnız statistik göstəricilər prizmasından deyil, kompleks sosial inkişaf strategiyasının tərkib hissəsi kimi yanaşmaq lazımdır. Gənclərin ailə qurmasına mane olan iqtisadi və sosial amillərin aradan qaldırılması, məşğulluğun artırılması, mənzil əlçatanlığının yaxşılaşdırılması, uşaq tərbiyəsi ilə bağlı dəstək mexanizmlərinin genişləndirilməsi ailə institutunun möhkəmlənməsinə mühüm töhfə verə bilər”.

musfiq ceferov 9 900x614 1

Müşfiq Məmmədli

Gender məsələlərinə gəldikdə isə, deputat bildirib ki, burada əsas yanaşma qadın və kişilər üçün bərabər hüquq və imkanların təmin olunmasıdır:

“Konstitusiyamız bu prinsipi təsbit edir və dövlət siyasəti də məhz bu istiqamətdə qurulur. Qadınların təhsildə, səhiyyədə, sahibkarlıqda, dövlət idarəçiliyində və ictimai həyatda fəallığının artması ölkənin insan kapitalının daha səmərəli istifadəsinə xidmət edir. Eyni zamanda, kişilərin ailə məsuliyyətində fəal iştirakı, valideynlik öhdəliklərinin bölüşdürülməsi və ailədaxili qarşılıqlı hörmət müasir ailə modelinin vacib elementlərindəndir. Xüsusilə qeyd etmək lazımdır ki, gender siyasəti ailə institutunun zəiflədilməsi deyil, əksinə, ailənin daha sağlam və dayanıqlı əsaslar üzərində inkişaf etdirilməsi məqsədinə xidmət etməlidir. Qarşılıqlı hörmət, hüquq və vəzifələrin balansı, sağlam ünsiyyət və uşaqların təhlükəsiz ailə mühitində böyüməsi cəmiyyətin sosial sabitliyinin əsas şərtlərindəndir”.

M.Məmmədlinin fikrincə, demoqrafik inkişaf baxımından reproduktiv sağlamlığın qorunması da xüsusi əhəmiyyət daşıyır:

“Ana və uşaq sağlamlığının gücləndirilməsi, reproduktiv sağlamlıq xidmətlərinin əlçatanlığının artırılması, sonsuzluğun profilaktikası və müasir diaqnostika imkanlarının genişləndirilməsi, sağlam həyat tərzinin təşviqi bu sahədə mühüm nəticələr verə bilər. Eyni zamanda, gənclərin ailə həyatına hazırlığı, sağlam valideynlik bacarıqlarının formalaşdırılması və psixoloji dəstək xidmətlərinin inkişaf etdirilməsi gələcək ailələrin daha dayanıqlı olmasına kömək edəcək. Maarifləndirmə işləri də xüsusi rol oynayır. Məktəblərdə, ali təhsil müəssisələrində, media və sosial platformalarda ailə dəyərlərinin, məsuliyyətli valideynliyin, sağlam həyat tərzinin və gender mədəniyyətinin təşviqi uzunmüddətli perspektivdə cəmiyyət üçün mühüm nəticələr verə bilər. Bu prosesdə dövlət qurumları ilə yanaşı, bələdiyyələrin, vətəndaş cəmiyyəti institutlarının, dini icmaların və medianın da üzərinə mühüm vəzifələr düşür”.

Deputat hesab edir ki, ailə institutunun möhkəmləndirilməsi, demoqrafik inkişafın dəstəklənməsi və gender sahəsində balanslı siyasətin həyata keçirilməsi Azərbaycanın sosial rifahının, iqtisadi inkişafının və milli təhlükəsizliyinin mühüm təminatlarından biridir:

“Güclü ailə güclü cəmiyyət, güclü cəmiyyət isə güclü dövlət deməkdir. Buna görə də bu istiqamətdə həyata keçirilən islahatlar və qəbul edilən qərarlar uzunmüddətli perspektivdə ölkəmizin davamlı inkişafına və gələcək nəsillərin rifahına xidmət edəcəkdir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

media 900x333 1

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: