Ağ Evlə İlon Mask arasında gərginlik artır

Ağ Ev İlon Maskı özünün “X” sosial platformasında “iyrənc” antisemitizm sui-qəsd nəzəriyyəsini dəstəkləməkdə ittiham edib, eyni zamanda, “Walt Disney Co”, “Warner Bros. Discovery” və “NBCUniversal”ın ana şirkəti “Comcast” bu sosial media saytında reklamlarını dayandırıb.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mask çərşənbə günü “X”də yəhudilərin ağdərililərə qarşı nifrət bəslədiyini, onlara qarşı sui-qəsd hazırlandığını iddia edən bir yazı ilə razılaşdığını bildirib. Bundan sonra Ağ Ev Maskı “amerikalıların əsas dəyərlərinə zidd olan” antisemitizm və irqçi nifrətin iyrənc təbliğatında ittiham edib və onun sahibi olduğu sosial platformada reklamlarını dayandırdığını vurğulayıb. Bununla yanaşı, bazar dəyərinə görə dünyanın ən böyük şirkəti olan “Apple” da Maskın sosial şəbəkəsinə reklamlarını dayandırdığını bildirib. IBM firması isə cümə axşamı günü “X”də öz reklamlarının Adolf Hitleri və nasist partiyasını təbliğ edən məzmunun yanında yerləşdirildiyini aşkar etdikdən sonra adekvat addım atıb. Reklamçılar bəyan ediblər ki, 2022-ci ilin oktyabrında əvvəllər tviter adlanan saytı satın alan Mask “X”də nifrət ritorikasının kəskin artmasına biganə qalır və bu faktı vətəndaş hüquqları qrupları da təsdiq edirlər.

Cümə günü “X” platformasının nümayəndələri bu qalmaqala şərh verməkdən imtina ediblər. Şirkətin baş direktoru Linda Yakkario isə reklamçıları “söz azadlığını” pozmaqda ittiham edib. Onun sözlərinə görə, “X” antisemitizm və ayrı-seçkiliklə mübarizə səylərini davam etdirir.

İlon Mask özü isə bildirib ki, heç bir sübut təqdim etmədən reklam verənlərin davamlı azalması ABŞ-ın Antidiffamasiya Liqasının günahıdır.