“Banqladeşdəki hakimiyyət dəyişikliyi ilə Pakistanda İmran Xan hökumətinin devrilməsi arasında paralellər aparanlar var”.
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Xan hökuməti devrilmədən öncə Pakistanın ABŞ-dakı səfiri İslamabada məktub göndərib:
“Qərb mətbuatı Banqladeşdə zorakılıqla müşahidə olunan hakimiyyət dəyişikliyinin analizinə davam edir. Pakistanın keçmiş baş naziri İmran Xan hazırda həbsxanadadır. Banqladeşin keçmiş baş naziri Seyx Hasinna isə ölkəsində baş vermiş çevrilişdən sonra Hindistana qaçıb.
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Donald Lu 2022-ci il mart ayında Pakistanın Vaşinqtondakı səfiri Əsəd Məcid Xan ilə görüşdə ölkəsinin narazılığını səsləndirmişdi. Səfir Xan Donald Lunun xəbərdarlığını İslamabada göndərdiyi məktubunda bildirdi. Bundan bir müddət sonra Pakistan parlamentində İmran Xanın hakimiyyətdən uzaqlaşdırılması proseduru başladı”.
Elxan Şahinoğlu
Politoloq qeyd edib ki, Banqladeşdəki hadisələrdə də ABŞ-ın izi barədə mülahizələr söylənilir:
“Banqladeş hərbçiləri etirazçıların hökumət ofislərinə hücumunun qarşısını almaqdan imtina etdi, baş nazir Hasina isə tələbə iğtişaşları nəticəsində devrildi və Hindistana qaçdı. Keçmiş baş nazirin ABŞ-ın “Hind-Sakit Okean Strategiyası”na əsasən Çini durdurmaq məqsədilə bölgədə hərbi obyektlər qurmasının əleyhinə çıxış etdiyi, bunun isə Vaşinqtonun narazılığına səbəb olduğu bildirilir. Donald Lunun bu ilin may ayında Banqladeşə səfəri də nəticəsiz qalmışdı. Görünür, Vaşinqton bu səfərdən sonra düyməyə basıb. İmran Xan kimi keçmiş baş nazir Şeyx Hasina da neytral xarici siyasət yürüdürdü, Yalnız ABŞ ilə deyil, həm də Çin və Rusiya ilə konstruktiv münasibətlər saxlayırdı. Bu da Vaşinqtonun narazılığına səbəb olmuşdu”.
E.Şahinoğlu Vaşinqtonun fərqli ölkələrdə hakimiyyət dəyişikliyi təcrübəsinin böyük olduğunu bildirib:
“Müxtəlif araşdırmalara görə, ABŞ 1947-1989-cu illər ərzində ən azı 64 gizli rejim dəyişikliyi əməliyyatı həyata keçirib. ABŞ-ın Banqladeşdəki hakimiyyət dəyişikliyində tələblərdən istifadə etməsinə dair şübhələr var. Fəal tələbə qruplarının bir il ərzində Pakistan, Dubay və Qətərə səfər etdikləri müəyyən olunub. Həmin tələbələrin ABŞ-ın kəşfiyyat strukturlarının nümayəndələri ilə görüşdüyü bildirilir. Məhz tələbələrin kütləvi etirazından və 1000-ə yaxın insanın həyatına son qoyan ölümcül zorakılıqdan sonra Banqladeşdə hakimiyyət dəyişikliyi baş verdi”.
Turan Rzayev
Globalinfo.az