ABs azerbaycan 1453

Bu gün Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş – “Bişkek protokolu”nun qüvvəyə minməsindən və Birinci Qarabağ müharibəsinin başa çatmasından 32 il ötür.

Bir vaxtlar məğlubiyyət aktı kimi qəbul etdiyimiz bu sənədin əslində Azərbaycanın zəfər yürüşünün ilk addımı olması illər sonra ortaya çıxdı.

Ermənilərin əsas planı 

“Bişkek protokolu” təkcə Azərbaycanın daha genişmiqyaslı işğaldan qurtulması deyildi, həm də iqtisadi dividendlərə açılan qapı idi.

1994-cü ilin aprel-may aylarında Azərbaycan tarixinin ən ağır sınağı ilə üz-üzə qalmışdı. Xarici dəstəkçilərinin köməyi ilə böyük qüvvə toplayan ermənilər Tərtər istiqamətində müharibə tarixinin ən genişmiqyaslı hücumuna başlamışdılar. Məqsəd Azərbaycan Ordusunun Tərtər şəhərindəki müdafiəsini qırmaq, bu yaşayış məntəqəsi ilə yanaşı Bərdə və Yevlax şəhərlərini ardıcıl olaraq ələ keçirmək olub. Bu, faktiki olaraq Azərbaycanı iki yerə bölmək planı idi. Yevlaxın işğalı nəticəsində Azərbaycanın şimal-qərb bölgəsi respublikadan ayrılıb mühasirəyə düşəcəkdi. Nəticədə Azərbaycanın Qərblə neft sazişi imzalamasının da qarşısı alınacaqdı.

Heyder Eliyev Klinton 1

Heydər Əliyev və Bill Klinton

ABŞ-dan Azərbaycana ağrılı mesaj

Həmin dönəm Azərbaycan Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi olmuş Eldar Namazov deyir ki, vəziyyət həqiqətən acınacaqlı olub. İş o həddə çatıb ki, ABŞ Prezidenti Bill Klinton Azərbaycan Prezidenti Heydər Əliyevə mesaj göndərib. Mesajın mahiyyəti bundan ibarət olur: “Biz başa düşürük ki, vəziyyətiniz çox çətindir. Əgər neftlə bağlı razılaşmalardan geri çəkilib Rusiyanın tələbi ilə razılaşsanız, biz sizi başa düşərik. Biz sizə kömək edə bilməyəcəyik”.

Rusiyanın tələbi və amansız döyüşlər

Rusiyanın da konkret tələbi var idi: “Rəsmi Bakı neft sazişini Rusiya şirkətləri ilə imzalasın və Azərbaycanda rus hərbi bazası yaradılsın”.

Digər plan isə Ermənistanın Azərbaycanı iki yerə böldükdən sonra qondarma rejimin müstəqilliyini tanımağa məcbur etmək idi.

eldar namazocood

Eldar Namazov

E.Namazov həmin günləri belə xatırlayır:

Rusiya Ermənistana hərbi texnika ilə ciddi dəstək vermişdi ki, ermənilər Tərtər-Bərdə istiqamətində cəbhəni yarıb Yevlax yoluna çıxsınlar. Bu yolun tutulması Azərbaycan neftinin dünya bazarına çıxarmaq üçün nəzərdə tutulan yeganə yolun bağlanması demək idi. Böyük neft şirkətləri, dövlətlər səbirsizliklə gözləyirdilər ki, bu döyüşlərin axırı necə olacaq: əgər ermənilər Yevlax yolunu tutsaydılar, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanmayacaqdı.

Həmin dönəm ermənilər bu istiqamətdə 4-5 dəfə genişmiqyaslı hücuma keçdilər. Bəzi hallarda müdafiəni yarıb, məqsədlərinə çatmalarına 700-800 metr qalmışdı. Amma Azərbaycan Ordusu hər dəfə bu hücumların qarşısını alıb, onları geri çəkilməyə məcbur edirdi”.

Heydər Əliyevin tarixi qərarı

Belə bir ağır şəraitdə, Ermənistan ordusunun Tərtəri işğal edib məqsədinə çatmasına təxminən 1 kilometr qalmış Heydər Əliyev tarixi qərar verir. ABŞ-a xəbər göndərir ki, biz geri çəkilməyəcəyik: Ermənistan ordusunun qarşısını alacağıq, Qərblə neft sazişləri imzalayacağıq!

Bundan sonra Azərbaycan Ordusunun müqaviməti daha da artır və erməni ordusu o qədər itki verir ki, yekunda atəşkəs imzalamağa razılaşır.

Beləcə 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan “Bişkek protokolu” imzalanır. Bu sənədə əsasən tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində “Böyük sülh sazişi” imzalamalı idilər.

biskek 13

“Bişkek protokolu”nun imzalanmasından kadr

Böyük sülh niyə baş tutmadı?

Ermənistanın destruktiv mövqeyi, ATƏT-in Minsk qrupunun və BMT-nin fəaliyyətsizliyi, işğalı əbədiləşdirmək siyasəti sülhlə bağlı ümidləri doğrultmadı. Və 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu 30 il möhkəmləndirilmiş müdafiə xəttini yararaq kəndləri, rayonları bir-bir azad etdi. Noyabrın 8-də müharibənin kilid nöqtəsi Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu.

2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları ilə isə qondarma rejimin nəzarətində olan digər şəhər və rayonlarımız da işğaldan azad edildi. Qondarma rejimin nümayəndələri o vaxt işğal etmək istədikləri Yevlaxda kapitulyasiyaya imza atdılar və Qarabağ münaqişəsi Azərbaycanın tam, parlaq qələbəsi ilə başa çatdı.

Bu gündən – 2026-cı ilin mayından 1994-cü ilin mayına baxanda Azərbaycan Ordusunun və dahi strateq Heydər Əliyevin necə böyük bir missiyanın öhdəsindən gəldiyi indi daha aydın görünür.

Aqşin Evrən
Globalinfo.az

Paylaş: