ABŞ İranla bağlı yekun planını işə salır – Şərh

“ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, davam edən qaz böhranı İranın şimal-şərqində yeni etirazlara səbəb olub”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

O qeyd edib ki, amerikalı analitiklərin fikrincə, bu enerji çatışmazlığı yaxın günlərdə bütün İranda, xüsusən də onun şimal və şərq əyalətlərində əlavə etirazlara səbəb ola bilər:

“İran rəsmiləri son günlər qaz böhranı barədə getdikcə daha çox xəbərdarlıq edirlər. Bununla bağlı olaraq qaz istehlakını azaltmaq üçün bəzi əyalətlərdə banklar, ictimai obyektlər və universitetlər qısa müddətə bağlanır. Baş verən etirazların əsas səbəbi qaz çatışmazlığı və siyasi təzyiqdir”.

Şərhçi qeyd edib ki, İrandakı aksiyaların başlanmasının səbəbi 22 yaşlı Məhsa Əmininin qətlinə etiraz idi, sonradan mitinqin miqyası daha da genişləndi:

“Daha əvvəl də dediyimiz kimi, çox güman, aksiyaların arxasında Qərb dayanır. Böyük ehtimalla ABŞ və müttəfiqlərinin ölkədəki mövcud rejimlə bağlı konkret məqsədləri var. Əks halda aksiyalar belə mütəşəkkil olmazdı. Bu mitinqlərin hakimiyyət dəyişikliyinə qədər davam etməsi mümkündür.

Rusiyadan sonra İranın Ukraynadakı “bataqlığa” salınması Qərbin İranla bağlı planlarını işə salmasına dair ehtimalları artırır. Bu mənada, çox güman, qaz böhranı da sözügedən ssenarinin tərkib hissəsidir.

Digər tərəfdən, Tehranla Moskva arasında artan qarşılıqlı dəstək, o cümlədən, hərbi əməkdaşlıq Vaşinqtonu daha da narahat edir. ABŞ İranın demokratik dəyərlərə zidd hərəkət etdiyini iddia edərək gələcəkdə bu dövlətə təzyiqi artıra bilər”.

Turan Rzayev
Globalinfo.az