ABŞ-dan bədbin proqnoz: “Sülh müqaviləsi imzalandıqdan sonra…” 

ABŞ-ın “Stratfor” analitik mərkəzinin 2024-cü il üçün proqnozlara dair hesabatında bildirilib ki, İrəvan Bakı ilə sülh sazişi imzalamaq üçün səylərini davam etdirəcək, lakin regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı fikir ayrılıqları danışıqlara bundan sonra da mane olacaq.

Hansı maneələrdən söhbət gedir? Ermənistanın Qərbə meyillənməsi, hərbi əməkdaşlığı gücləndirməsi Azərbaycan üçün bu mərhələdə təhlükə yaradacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə qeyd edib ki, Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra dərhal sülh planlarını Ermənistana təqdim etdi və danışıqların ikitərəfli aparılmasının daha yaxşı nəticələr verəcəyini bildirdi:

“Lakin rəsmi İrəvan vasitəçi ölkələrin bölgə ilə maraqlarına söykənərək separatizmi yenidən dirçəltməyə, sülh danışıqları ilə bağlı qeyri-səmimi davranmağa davam etdi. Azərbaycana təsir etmək istəyən ölkələrə Bakının verdiyi cavablar və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror əməliyyatı Ermənistanın separatizmlə bağlı planlarını məhv etdi. Nəticə olaraq da Ermənistan ikitərəfli danışıqlara gedərək keçən ilin dekabr ayının 7-də iki hökümət arasında birgə bəyanat qəbul edildi. Azərbaycan tərəfindən həbs edilmiş və Ermənistan tərəfindən əsir götürülmüş şəxslərin dəyişdirilməsi, delimitasiya və demarkasiya komissiyalarının görüşməsi və digər siyasi addımlar atıldı”.

Yalçın Hacızadə: “Siyasi partiyalar haqqında” Qanunun yenidən hazırlanması təqdirəlayiqdir

Yalçın Hacızadə

Onun sözlərinə görə, Ermənistanın ikitərəfli danışıqlar istiqamətində razılıq verməsi irəliləyiş hesab edilsə də, bu, səmimiyyətdən deyil, Azərbaycanın sülhə məcburetmə tədbirləri nəticəsində yaranıb:

“Sülh razlaşmasının əldə olunmasında ölkəmizin məqsədi əldə etdiyi qələbənin rəsmiləşdirilməsi və sonra regionla bağlı beynəlxalq planlarının həyata keçirməsidir. Burda da əsas beynəlxalq plan Zəngəzur dəhlizidir. Bu dəhliz qlobal əhəmiyyətli olduğu üçün beynəlxalq aktorların diqqət və maraq mərkəzindədir. Mahiyyət etibarı ilə Zəngəzur dəhlizi şərqlə qərbi birləşdirəcək ən qısa, çox şaxəli və ən təhlükəsiz xətdir. Çinin ticarət mallarının və Orta Asiyanın türk ölkələrinin karbohidrogen məsullarının Avropaya və dünya bazarına daşınması məqsədi daşıyır. Dünyada hal-hazırda ticarət yolları uğrunda böyük savaşlar gedir. Eyni zamanda, dünyanın iki nəhəngi ABŞ və Çin arasında mübarizə daha da kəskinləşir. Amerika Çinin Qərbə çıxışını təmin edəcək ticarət yollarını məhdudlaşdırmağa və ya nəzarət etməyə çalışır, Çin də Qərbə çıxış üçün yeni yolların yaranmasında maraqlıdır. Zəngəzur dəhlizinin əhəmiyyətini bu konteksdən qiymətləndirməliyik. Eyni zamanda, dəhlizlə bağlı Rusiyanın və İranın da maraqları və Ermənistana təsiri var. Dəhlizin təhlükəsizliyinin Rusiyanın silahlı qüvvələrinin təmin etməsi barədə üçtərəfli bəyanat var. Ermənistan bundan da yayınmağa çalışır. İran da dəhlizi Türk yolu olaraq görür və regionda türk ölkələrinın əlaqələrinin güclənməsini özünün təhlükəsizliyi üçün təhdid hesab edir. Bütün bunların fonunda əsas tranzit xətt olan Zəngəzur dəhlizi ilə bağlı danışıqların 2024-cü ildə də gərgin keçəcəyini deməyə əsas verir. Həmçinin, dəhlizlə bağlı razılaşmanın əldə olunmasına ABŞ-da keçiriləcək prezident seçkiləri, Rusiya–Ukrayna müharibəsi və Yaxın şərq böhranı da təsir edən faktorlardandı”.

Y.Hacızadə Ermənistanın beynəlxalq layihələrdən kənarda qaldığını qeyd edib:

“Ermənistan coğrafi mövqeyinə görə də dalanda yerləşir. İqtisadi inkişafa nail olmaq, iqtisadi təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın və Türkiyənin razılıq verdiyi layihələrdə iştirak etməlidir. Regiondan çox uzaqda olan ölkələrin maraqlarına xidmət etməklə, qonşu ölkələrlə gərginliyi saxlamaqla öz inkişafını təmin edə bilməyəcək. Buna görə də kənar təsirlərdən qurtarmalı, öz inkişafını təmin etmək, əsas su və quru ticarət yollarına çıxış üçün Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Ermənistana dəstək verən ölkələr Ermənistanın inkişafında, onun maraqlarının təmin olunmasında səmimi olsaydılar, ona çıxış yolunun Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasından ibarət olduğunu deyər və bu istiqamətdə kömək edərdilər”.

Safura Bənnayeva
Globalinfo.az