Birjalarda qızılın qiyməti 15 ayın ən aşağı səviyyəsinə çatdıqdan sonra yenidən bahalaşmağa başlayıb və ötən həftəni təxminən 3 faiz yüksəlişlə başa vurub.
Globalinfo.az fed.az-a istinadən xəbər verir ki, həftənin son günü – yəni 27 noyabrda spot qızılın qiyməti 2,1 faiz artaraq unsiyası üçün 3639,61 dollara çatıb. Gün ərzində 3 faizdən çox artan qızıl, əvvəlki iki həftənin enişini bağladıqdan sonra həftəlik təxminən 3 faiz artım qeydə alıb.
Cümə günü ABŞ-da da dekabr ayı üçün qızıl fyuçers müqavilələri 2,9 faiz artaraq 3637,60 dollara çatıb.
«Audacity» şirkətinin kapital bazarı analitiki Zain Vavda bildirib ki, son yüksəliş qızılın bundan sonra da dayanmadan bahalaşacağını göstərmir. Belə ki, budəfəki artım əsasən qısa satış mövqelərinin bağlanması və mənfəət əldə etməklə bağlıdır.
Məsələ bundadır ki, ABŞ-ın Federal Rezerv Sisteminin faiz dərəcələrini artırmağa davam edəcəyi gözlənilir, bu isə yüksək real faiz dərəcələri və dolların güclü performansı deməkdir. Adətən belə hallarda qızıla maraq azalır, ona görə onun sürətli bahalaşacağı gözlənilmir. Vavda bildirib ki, qızılın unsiyası üçün normal qiymət 3750-3800 dollar aralığında görünür.
Xatırladaq ki, bir neçə gün əvvəl qızıl ucuzlaşaraq son 15 ayın ən aşağı səviyyəsinə düşmüşdü – 26 noyabrda qızılın unsiyası 3426,35 dollara düşərək 2025-ci ilin avqust ayının sonundan bəri ən aşağı səviyyəyə çatıb. Bundan solnra geriyə qayıdış başlayıb.
5000 dollarlıq gözlənti
Analitik Vavda qızılın yenidən 5000 dollar səviyyəsinə çatmasının mümkün olduğunu bildirib, amma xəbərdarlıq edib ki, 2027-ci ilin birinci yarısında baş verəcəyini gözləmir. O əlavə etdi ki, əgər Fed faiz dərəcələrini artırmağı dayandırarsa və dollar zəifləyərsə, 2027-ci ilin ortalarına qədər qızılın unsiyasının 4500 dollara yüksəlməsi mümkündür.
Asiyada da fiziki qızıla tələbat artıb
Digər tərəfdən, 27 noyabr cümə günü etibarilə Asiyanın əsas qızıl bazarlarında qızıla fiziki tələbatın bərpası müşahidə olunub. Hindistanda zərgərlik və investisiya məqsədləri üçün qızıl alışı artıb.
Qızıldakı artım digər qiymətli metalları da ardınca yuxarı çəkib. Spot gümüş 4,7 faiz artaraq unsiyası üçün 43,44 dollara, platin 2,3 faiz artaraq 1319,96 dollara, palladium isə 1,8 faiz artaraq 889,01 dollara çatıb.
İndi bir unsiya qızıl neçəyədir?
Beynəlxalq bazarlarda qızılın unsiyası 27 noyabrda 3652,11 dollar səviyyəsində bağlanıb ki, bu da əvvəlki dövrlə müqayisədə 85,27 dollar (2,39 faiz) artım deməkdir.