Böyük Britaniyada yerləşən ABŞ hərbi hava bazasında naməlum dronların aşkarlanması təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Noyabrın 13-də İngiltərənin Suffolk qraflığında yerləşən “RAF Lakenheath” hərbi hava bazası yaxınlığında təxminən altı dronun qeydə alınması ilə əlaqədar “Charlie” həyəcan rejimi elan edilib. Bu, ABŞ Müdafiə Nazirliyinin təsnifatına əsasən təhlükə səviyyəsinə görə ikinci dərəcəli həyəcan siqnalıdır.
Qeyd edək ki, bazada ABŞ Hərbi Hava Qüvvələrinin 48-ci qırıcı aviasiya qanadı yerləşir. Bu, ABŞ-ın Avropada istifadə etdiyi ən böyük hərbi hava bazasıdır və burada təxminən 7 min hərbçi xidmət edir.
Hadisə zamanı ABŞ tərəfi pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərindən istifadə etsə də, hücumun qarşısı alındıqdan sonra dronları aşkarlamaq mümkün olmayıb. Bu səbəbdən ABŞ və Böyük Britaniya rəsmiləri pilotsuz aparatların üzərində silah, kəşfiyyat avadanlığı və ya digər vasitələrin ola biləcəyini istisna etmirlər.
Məlumata görə, London hərbi obyektlərin təhlükəsizliyinin gücləndirilməsi üçün 470 milyon funt sterlinq (562 milyon avro) vəsait ayırıb. Bu vəsait müdafiə sistemlərinin, müşahidə imkanlarının və dronlara qarşı mübarizə vasitələrinin təkmilləşdirilməsinə yönəldiləcək.
“Sky News” telekanalının məlumatına görə, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri bəzi təyyarələri gecə saatlarında anqarlara köçürməyi, açıq ərazilərdə saxlanılan digər təyyarələrin ətrafında isə dronlardan qorunmaq üçün xüsusi torlar quraşdırmağı planlaşdırır.
Xatırladaq ki, noyabrın 13-də ABŞ Hərbi Hava Qüvvələri bazada pilotsuz uçuş aparatlarının icazəsiz fəaliyyətinin ehtimal edildiyini açıqlayıb. Qurumun bəyanatında bildirilirdi ki, hadisə nəticəsində şəxsi heyətə, aviasiya texnikasına və infrastruktura ziyan dəyməyib.
Əliyar Xəlil