1039916 src

Albaniyada hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyaları qarşıdurmaya çevrilib. Paytaxt Tiranada nümayişçilərlə polis arasında baş verən toqquşmalar zamanı dövlət müəssisələrinin binalarına və banklara ziyan dəyib. Etirazçılar 2013-cü ildən ölkəyə rəhbərlik edən Baş nazir Edi Ramanın istefasını tələb edirlər.

Globalinfo.az xəbər verir ki, nümayişçilər Ali Məhkəmənin binasına od vurub, Təhsil Nazirliyinin binasının pəncərələrini sındırıblar.

Digər dövlət qurumlarının və bankların binaları da hücumlara məruz qalıb.

Etirazçılar polis əməkdaşlarına daş, fişəng və “Molotov kokteyli” atıblar. Polis isə aksiyaları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

“Azadlıq” radiosunun məlumatına görə, hüquq-mühafizə orqanları ilk dəfə rezin güllələrdən də istifadə ediblər.

Nümayişçilərin narazılığına əsas səbəb universitet təhsilinin bahalığı, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və layiqli əməkhaqqı olan iş yerlərinin çatışmazlığıdır. Aksiyalarda əsasən gənclər və tələbələr iştirak edirlər.

Ölkədə etirazların genişlənməsinə səbəb olan digər məsələ isə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə əlaqəli investisiya layihəsidir. Belə ki, Kuşnerə məxsus Amerika investisiya şirkətinin Albaniyanın cənub sahillərində lüks turizm kompleksi inşa etmək planı ictimai narazılığa səbəb olub.

“Flaminqo inqilabı” adlanan etiraz hərəkatının iştirakçıları əhalinin böyük hissəsinin yoxsulluqla üzləşdiyi bir vaxtda imkanlı şəxslər üçün lüks istirahət kompleksinin tikilməsini tənqid edərək hökuməti korrupsiyada günahlandırıblar. İctimai narazılıq nəticəsində layihə üzrə işlər dayandırılsa da, ölkədə etiraz əhval-ruhiyyəsi səngiməyib.

Açıq küçə aksiyalarına oktyabrın 13-də, yeni tədris ilinin başlandığı gün start verilib. Noyabrın 28-də, Albaniyanın Müstəqillik Günündə isə nümayişlər daha da kəskinləşib.

Baş nazir Edi Rama istefa verməkdən imtina edib. O, BMT Baş Assambleyasındakı çıxışında, eləcə də müxtəlif müsahibə və açıqlamalarında etirazların xaricdən təşkil olunduğunu iddia edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: