Azərbaycanda gənclər arasında nikaha daxilolma göstəriciləri ilə bağlı diqqətçəkən statistika açıqlanıb. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, bu il ölkədə nikah potensialında olan gənclərin təxminən yarısı ailə qurmayıb. Onun sözlərinə görə, 20-25 yaş aralığında nikah potensialına malik 175 min gənc olduğu halda, il ərzində təxminən 75-80 min nikahın qeydə alınacağı gözlənilirdi. Lakin ilk 10 ayda cəmi 31 min nikah bağlanıb. İlin sonuna qədər bu rəqəmin ən yaxşı halda 40 minə çatacağı proqnozlaşdırılır.
Əli Əhmədov bu mənzərəni belə ifadə edib: “Azərbaycanda bu il nikah potensialında olan insanların yarısı evlənməyib”.
Gənclər arasında nikaha marağın azalmasının səbəbləri nədir? Əli Əhmədovun açıqlaması bizim üçün SOS olmalıdırmı?
Globalinfo.az-a danışan sosial məsələlər üzrə ekspert, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib ki, gənclər arasında nikaha marağın azalması təsadüfi deyil:
“Bunun əsas səbəblərini gənclərin sosial-iqtisadi vəziyyətində axtarmaq lazımdır. Bu gün ailə qurmaq istəyən gənclərin qarşısında ilk növbədə mənzil problemi, işsizlik, aşağı əməkhaqqı və maddi təminat məsələsi dayanır. Gənc ailə hansı gəlirlə ev kirayələsin, dolansın, uşaq böyütsün? Yeni mənzil almaq ümumiyyətlə əlçatmazdır. Həm də ölkəmizdə uşaq geyimləri, ərzaq və gündəlik tələbat məhsullarının qiyməti kifayət qədər yüksəkdir. Uşaq dünyaya gətirən valideynlərə sistemli sosial dəstək göstərilmir, uşaq pulu kimi birbaşa maddi yardım mexanizmi yoxdur. Belə şəraitdə gənclər ailə qurmaqdan, ailə quranlar isə uşaq sahibi olmaqdan çəkinirlər. Toy xərcləri də bu problemlərin üzərinə əlavə yükdür”.
Əpoş Vəliyev
Ekspert bildirib ki, Əli Əhmədovun açıqlaması ciddi SOS siqnalı kimi qəbul edilməlidir:
“Amma məsələni yalnız gənclərin evlənmək istəməməsi kimi təqdim etmək də düzgün deyil. Əsas sual budur ki, gənclər ailə qurmaq istəmir, yoxsa ailə saxlamaq üçün lazımi iqtisadi imkanları görmürlər? Ailə qurmağı təbliğ etməklə yanaşı, gənclərə yeni qurulan ailənin yaşaması üçün şərait də yaratmaq lazımdır. Əlçatan mənzil, daimi iş, layiqli maaş, uşaq pulu və valideynlərə sosial dəstək olmadan nikah göstəricilərinin artmasını gözləmək real deyil. Ailə yalnız sevgi ilə qurula bilər, amma onun davamlılığı üçün sosial və iqtisadi təminat da vacibdir”.
Ləman İmran
Globalinfo.az