Rusiyaya müharibə elan edirik: savaş başlayıb

Ermənistanın bizə qarşı işğalçılıq siyasətinin arxasında Rusiyanın dayandığı hər kəsə bəllidir. Bu, Çar Rusiyasının dövründən başlayıb, son illərə qədər davam edib. Nə vaxt ki, Rusiya Ermənistanın arxasından çəkildi, bu cırtdan dövlət bizimlə təkbətək qaldı, onda gücümüzü tam mənası ilə gördü. Ordumuzun dəmir yumruğunu təpəsində hiss edəndə gözünə qaranlıq çökdü. Hələ də bunun altını çəkir. Ermənistan rəhbərliyi anlamağa başlayıb ki, Azərbaycana, Türkiyəyə torpaq iddiasından əl çəkməsə, rəsmi Bakı ilə sülh sazişi imzalamasa, Ermənistan dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşəcək. Ona görə də Nikol Paşinyan təcili sülh sazişi imzalamağa hazırlaşır.

Ermənistanın arxasından çəkilən təkcə Rusiya deyil. Qərb də əvvəlki dəstəyini bu bədbəxt ölkədən çəkib. Sabiq prezident Levon Ter-Petrosyan iki il öncə sensasion bəyanat verdi. Dedi ki, dünya Ermənistanı satıb. Həm də bunu müəyyən fasilələrlə iki dəfə söylədi. O vaxt bu bəyanata çoxları ciddi yanaşmırdı. Üstündən az vaxt keçir, indi bu etirafın nə qədər dəqiq olduğu görünür.

Rusiya hər nə qədər ikinci Qarabağ müharibəsində neytral mövqedə dayansa da, torpaqlarımızın işğaldan azad edilməsində bizə mane olmasa da, Azərbaycan cəmiyyəti bu dövlətə qarşı qəzəbini gizlətmir. Hər fürsətdə açıq ifadə edir. Burda bir neçə məqam var.

Birincisi, Rusiyanın bizə qarşı tarixi pislikləri unudulmur. Ona qarşı nifrət əsasən ordan qaynaqlanır. Rusiya imperiyası yarandıqdan Qafqaz siyasəti, əsasən də Azərbaycanla bağlı rəftarı heç vaxt normal olmayıb. Nifrət, işğalçılıq üzərindən bizimlə davranılıb. Rusiya tarixi Azərbaycan torpaqlarında faktiki Ermənistan adında dövlət yaradıb. Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa cəhd etdi. Qarabağ və ətraf rayonların işğalında bilavasitə iştirakı bununla bağlı olub. Çox şükür, bu qara niyyəti baş tutmadı. Bir gün şərait yetişdi, Rusiya həm Ermənistanı bizim əlimizlə cəzalandırmaq xəttini seçdi, həm də Azərbaycana ehtiyacı yarandı. Böyük blokadanı 3 il öncədən gördü, ona görə Qarabağ məsələsində belə mövqe tutdu. Təbii, burda dünyanın nəhəng dövlətlərindən olan Çinin də təsiri, təzyiqi danılmazdır.

Azərbaycan xalqı bu qədər pisliyi unutmur, unuda bilmir. Ona görə də Rusiya ilə bağlı içində hər zaman bir önyarğı daşıyır.

İkincisi, Rusiyanın Ukraynaya hücumu, bu ölkəni viran qoyması azərbaycanlıların tarixi yaddaşını yenidən oyatdı. Bu işğalçı müharibə rəsmi Moskvanı ölkəmizdə yenidən ictimai qınaq, nifrət hədəfi etdi.

Üçüncü və daha aktual məqam budur ki, Rusiya ilə bağlı Azərbaycanda ictimai rəy manipulyasiya edilir. Bunu əksər insanlar fərq etmir. Edə də bilməz. Yüksək siyasi texnologiyaların tətbiqi ilə həyata keçirilən bu proses Rusiyanı azərbaycanlıların gözündə iblis libasında göstərməyə xidmət edir.

HAŞİYƏ

Təsəvvür edin, azərbaycanlılar hazırda kütləvi şəkildə övladlarını rus sektorunda oxudur. Bu tendensiya kənd rayonlarına da sirayət edib. Övladının rus dilində təhsil alması üçün əlindən gələni edən valideynlər Rusiyaya nifrət edirlər. Putini söyürlər. Rus xalqının yekəxana tavrından xoşlanmadıqlarını bildirirlər. Rusiyadan xoşlanmamaq nədir, övladlarını rus dilində təhsil almağa yönləndirmək nə? Bu, nonsensdir. İctimai riyakarlıqdır. Demək, hər bir azərbaycanlı ailə evində potensial Rusiya simpatizanı, müdafiəçisi böyüdür. Yüz minlərlə rusdilli azərbaycanlının mövcudluğu bilirsinizmi nə deməkdir? 10 il, 15 il sonra bunun hansı fəsadları törədəcəyini anlamaq o qədərmi çətindir? Evlərimizdə kiçik Rusiya yaradırıq. O kiçik rusiyalar böyüyəndə, faktiki Rusiyadan daha böyük, daha təhlükəli olacaq. Mövzumuz bir qədər fərqli olduğundan bunun üzərində çox dayanmadan keçid edək.

Yuxarıdakı fikrə qayıdaraq deyə bilərik ki, bu gün Rusiya ilə bağlı ciddi proseslər gedir. Azərbaycanı Kremlin vəhşi siyasətinin yeminə çevirmək istəyən dairələrin fitnəkar planları qüvvədədir. İnanın, tam səmimi sözümüzdür, İlham Əliyevin təmkinli və müdrik siyasəti olmasa, biz Rusiya hərb maşını ilə çoxdan toqquşmuşduq. Ağılımız Ukraynaya getməsin, onu pis-yaxşı müdafiə edənlər var. Bizi Rusiyanın qaba, amansız aqressiyası ilə baş-başa buraxarlar. ABŞ başda olmaqla kollektiv Qərb Ukraynanı nə qədər müdafiə etsə də Rusiyanın qanlı pəncəsindən xilas edə bilmir. İndən sonra bu müharibə neçə il davam edəcək, proqnozlaşdırmaq mümkün deyil.

Bu gün məsələnin mahiyyətindən xəbəri olan-olmayan hər kəs Rusiyaya müharibə elan edir. Əslində bu dövlətlə savaşa çoxdan başlamışıq. İçimizdə, ruhumuzda antirusiyaçılıq bütün şiddəti ilə davam edir. Amma bunu gerçək müharibəyə, əsl hərbi toqquşmaya çevirmək olmaz. Rusiya savaşılacaq ölkə deyil, anlaşılacaq ölkədir! Bunun əksi Ukrayna deməkdir. Gözü çıxan qardaşdan ibrət götürmək haqda məşhur pritçanı xatırlamağımız yetərlidir. İmkan verək Rusiya ilə ABŞ toqquşsun, biz kim, bu qlobal savaşda tərəf tutmaq kim.

Ən əsası, Rusiyanın mövcudluğu Azərbaycana, Türkiyəyə, Türk dünyasına lazımdır. Onun indiki mövqeyi bizim üçün çox vacibdir. Rusiya var olduqca Qərb üçün əhəmiyyətimiz artır. Azərbaycana yaxın olmaq üçün Qərb və Rusiya öz aralarında rəqabətə başlayıblar. Biz isə bu rəqabət mühitində şərtlərimizi daha asan diqtə edib, ölkəmiz üçün yeni perspektivlər qazana bilirik.

Aydın Aslan
Globalinfo.az