Azərbaycanda şəhərə axının qarşısını almaq üçün kənd sakinlərinə əlavə sosial və iqtisadi güzəştlərin verilməsi irəli təklif edilir. Milli Məclisin deputatı Razi Nurullayev kənd əhalisi üçün kommunal xidmətlərdə daha aşağı tariflərin tətbiqini, kəndə köçən gənc ailələrə mənzil imkanlarının yaradılmasını, kənddə biznes quran sahibkarlara güzəştli kredit və vergi imkanlarının verilməsini zəruri hesab edib. Deputat, həmçinin kəndlərin sosial və infrastruktur inkişafını əhatə edən ayrıca Dövlət Proqramının hazırlanmasının vacibliyini vurğulayıb.
Kənddən şəhərə axının qarşısını almaq üçün kommunal güzəştlər, mənzil dəstəyi və sahibkarlara veriləcək imtiyazlar nə dərəcədə effektiv ola bilər? Kənddə yaşayışı şəhərlə müqayisədə cəlbedici etmək üçün hansı iqtisadi və sosial şərtlər yaradılmalıdır?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin (İB) sədri İlqar Hüseynli deyib ki, kommunal güzəştlər və digər sosial imtiyazlar tətbiq etməklə insanların kəndlərdən şəhərlərə köçünün qarşısını ciddi şəkildə almaq mümkünsüzdür:
“Bu güzəştlər olsun, lakin ilk növbədə kənd sakinlərinin iqtisadi gücünü və imkanlarını artırmalıyıq. Kənddə yaşayan insanlara yalnız aqrar istehsalçı kimi deyil, ölkənin inkişafından bəhrələnməyə layiq olan vətəndaşlar kimi yanaşmalıyıq. Məsələn, kəndlərdə məktəb infrastrukturu hələ də müasir standartlara uyğunlaşdırılmayıb, təhsil imkanları məhduddur, səhiyyə xidmətləri isə demək olar ki, təşkil olunmayıb. Elə kəndlərimiz var ki, orada qazlaşdırma prosesi başa çatmayıb. Hətta deputat Razi Nurullayevin doğulub boya-başa çatdığı kənddə də sakinlər qazla təmin olunmayıblar. Xətlər çəkilsə də, insanlar qaz ala bilmirlər. Buna səbəb onların yaşadıqları evlərin qeydiyyat və çıxarış sənədlərinin olmamasıdır. Sahibkarların da subsidiya imkanları məhduddur. Bütün bunlar göstərir ki, kənd sakinlərinin əsas sosial ehtiyaclarını belə qarşılaya bilmiriksə, kommunal güzəştləri tətbiq ediləcək imtiyazlar sırasına daxil edə bilmərik”.
İlqar Hüseynli
İB sədri bildirib ki, Azərbaycanda aqrar sektorun inkişafına bu illər ərzində 100 milyard manatdan çox vəsait xərclənib:
“Lakin həmin vəsaitlərin ayrılması aqrar sektorun inkişafına gətirib çıxarıbmı? Xeyr. Çünki kəndlilərin torpaqları ayrı-ayrı sahibkarlar və şəxslər tərəfindən alınıb, zəbt olunub. Aqrar sektor tənəzzülə uğrayıb, heyvandarlıq və qoyunçuluq imkanları isə ciddi şəkildə məhdudlaşdırılıb. Əgər mövcud problemləri həll edə bilmiriksə, dövlət proqramlarını kimin üçün hazırlayırıq? Kəndçinin əlindən torpağı alınıbsa, hansı proqramla ona dəstək göstərə bilərik?
Başa düşürəm, populist yanaşma ilə müəyyən fikirlər səsləndirmək olar. Ancaq xalqın rifahını düşündüyünü iddia edən bir insanın deputat seçildiyi ərazidə əhalinin 20 hektar örüş sahəsini zəbt etməsi necə izah oluna bilər? İmişli rayonunun Nurlu kəndində mal bazarının tikintisi ilə əlaqədar geniş tikinti işləri aparılıb. Nəticədə Qırmızı Kitaba daxil edilmiş mindən çox yulğun ağacı kökündən çıxarılıb. Sonradan araşdırmalar zamanı məlum olub ki, həmin ərazini bələdiyyə deputatın İmişlidə yaşayan Vüqar adlı köməkçisinin atasının adına sənədləşdirib. Bunlar göstərir ki, kənd sakinlərinin aqrar imkanlarını artırmaq əvəzinə, onların örüş sahələri əllərindən alınır. Belə halların qarşısı alınmalıdır”.
Ekspert qeyd edib ki, dövlət proqramının hazırlanması yaxşı təklifdir:
“Kənddən köçən gənclərə mənzil imkanlarının yaradılması da vacibdir. Amma bunun üçün əvvəlcə kənd sakininin iqtisadi vəziyyəti yaxşılaşmalıdır. Kəndli varlanmalı, özünə ev tikmək imkanı qazanmalıdır. Bunun üçün onun istehsal etdiyi məhsulları bazara çıxarmaq imkanları genişləndirilməlidir. Bu gün kənd yerlərində yaşayan insanların əsas problemlərindən biri məhz məhsullarını bazara çıxarmaqdır. Əgər kəndlinin istehsal etdiyi pomidor, yemiş, qarpız və nar tonlarla sahələrdə tələf olursa, məhsulun alıcısı yoxdursa, bu, ciddi problemdir. Meyvə və tərəvəz məhsullarının saxlanılması üçün anbarlar yaradılmalıdır ki, kəndli məhsulunu mövsümündə ucuz qiymətə satmağa məcbur qalmasın, onu qış aylarına qədər saxlayaraq daha sərfəli qiymətə sata bilsin.
Qaradağ ərazisində yerləşən Meyvəli bazar kompleksi ilə bağlı da müəyyən problemlər var. Bakıya gətirilən meyvə-tərəvəz məhsullarının böyük hissəsi həmin bazardan keçir. Orada qiymətlər müəyyənləşdirildikdən sonra məhsullar şəhərdəki sahibkarlara göndərilir. Halbuki kənd təsərrüfatı məhsullarının birbaşa şəhərə çıxarılması üçün yarmarkalar təşkil oluna bilər. Bu, kənd sakinlərinin məhsullarını vasitəçilər olmadan satmasına, gəlirlərinin və iqtisadi imkanlarının artmasına şərait yaradar. Bütün bu məsələlər kompleks şəkildə həll olunmalıdır. Kənd sakinlərinə əlavə sosial və iqtisadi güzəştlərin verilməsi də yaxşı təklifdir. Lakin bu təkliflərin həyata keçirilməsindən əvvəl həllini gözləyən daha vacib problemlər var. Kəndlinin torpağı və əlindən alınmış əraziləri özünə qaytarılmayıbsa, onun iqtisadi imkanları artırılmayıbsa, müxtəlif imtiyazların tətbiqini ön plana çəkməklə istənilən nəticəyə nail ola bilməyəcəyik”.
Ləman İmran
Globalinfo.az