Xəbər verdiyimiz kimi, İranın tanınmış müğənnisi Parasta Əhmədi hicabsız konsert verdiyinə görə 74 qamçı zərbəsi ilə cəzalandırılıb.
Globalinfo.az xəbər verir ki, CNN hadisənin detallarını yayıb.
Belə ki, cəza 2024-cü ilin dekabrında Qum şəhəri yaxınlığındakı Deyr Qaçin qədim karvansarasında keçirilən konsertin videosu yayımlandıqdan sonra icra olunub.
“Əhmədi konsertdə hicab taxmadan, çiyinləri açıq, uzun qara paltarda çıxış edib. Həmin vaxt zalda tamaşaçı olmayıb, müğənni mahnılarını kişi musiqiçilərlə birlikdə ifa edib.
Video sosial şəbəkələrdə yayıldıqdan sonra İran hakimiyyəti Əhmədi və konsertdə iştirak edən digər şəxslər barəsində cinayət işi açıb. Məhkəmə onları “ictimai əxlaqı təhqir etmək”, eləcə də “ədəbsiz və əxlaqsız məzmun” yaratmaq və yaymaq ittihamları üzrə təqsirli bilib.
Vəkil Mustafa Nili bildirib ki, hökm noyabrın 23-də icra olunub. 74 qamçı zərbəsindən əlavə, təqsirləndirilən şəxslərə iki il müddətinə yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq və ölkədən çıxmaq qadağası da qoyulub”, – deyə nəşr qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az