“Sabah” futbol oynamağı bacarır. Biz də onlara qarşı yaxşı hazırlaşmışıq. Bilirik ki, bizim üçün vacib oyundur. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la Bakıda keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis Lamin Yamalın qarşılaşmada iştirak etməyəcəyinə də münasibət bildirib:
“Biz əvvəllər də Yamalsız oynamışıq. Nə edəcəyimizi bilirik. O, bizim üçün çox vacib futbolçudur. Dünən səhər onun vəziyyətini yoxladıq və İspaniyada qalmasının daha məqsədəuyğun olduğuna qərar verdik. Hər şey qaydasındadır. Onsuz oynayacağıq”.
Flik komandanın heyətində dəyişikliklərin ola biləcəyini də istisna etməyib:
“Hələ qərar verməmişik. Proses eynidir. Bu gün məşq edəcəyik, sabah isə fərqli gün olacaq. Müəyyən dəyişikliklər ola bilər. Çünki dörd həftə ərzində doqquz oyun keçirmişik. İlin sonuna qədər sıx oyun qrafikimiz olacaq. Digər futbolçular da meydana çıxmaq imkanı əldə edə bilərlər. Bəziləri az, bəziləri isə daha çox oynayacaq”.
Təcrübəli mütəxəssis “Sabah”ın oyununu yüksək qiymətləndirib:
“Məşqçilər heyətimlə birlikdə rəqibin oyununu təhlil etmişik. “Sabah” La Liqa səviyyəsində komandadır. Gözəl futbol oynayırlar, onları yüksək qiymətləndirirəm. La Liqa komandalarının gözəl futbol fəlsəfəsi var. Bütün komandalar necə futbol oynamaq lazım olduğunu bilirlər. “Sabah” da bunu bilir. Biz də bu oyuna düzgün yanaşacağıq”.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı sabah saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.