1795507270 e07f6bc5d34ee42a65e05f8bc7a16586

“Monteneqronun Baş naziri Miloyko Spayiçin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü iki ölkə arasında münasibətlərin inkişaf dinamikası, eləcə də regional əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bu sözləri Globalinfo.az-a politoloq Ülviyyə Zülfüqar deyib.

Politoloq bildirib ki, Azərbaycanla Monteneqro arasında uzun illər ərzində qarşılıqlı etimad və ortaq maraqlar əsasında formalaşmış münasibətlər bu gün siyasi dialoqla yanaşı, iqtisadi, energetika, investisiya və turizm sahələrini də əhatə edir:  

“Monteneqro Prezidentinin gələn il Azərbaycana rəsmi səfərinin nəzərdə tutulması yüksək səviyyəli siyasi dialoqun davamlılığından xəbər verir. Azərbaycan-Monteneqro münasibətlərinin mühüm istiqamətlərindən birini iqtisadi və investisiya əməkdaşlığı təşkil edir. Spayiçin Azərbaycanın yatırdığı investisiyaların Monteneqronun iqtisadi inkişafına müsbət təsirini xüsusi vurğulaması bu əməkdaşlığın praktiki nəticələrinin göstəricisidir. İnfrastruktur, turizm və enerji təchizatı sahələrində mövcud imkanların dəyərləndirilməsi ikitərəfli iqtisadi əlaqələrin daha da şaxələndirilməsinə zəmin yarada bilər.

Ulker Zulfuqar
Ülviyyə Zülfüqar

Görüşün diqqətçəkən məqamlarından biri də Azərbaycanla Ermənistan arasında sülh prosesinin müzakirə edilməsi olub. Monteneqronun baş nazirinin sülh gündəliyi üzrə əldə olunan irəliləyiş münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırması Cənubi Qafqazda baş verən proseslərin Balkan ölkələri tərəfindən diqqətlə izlənildiyini göstərir. Dövlətimizin başçısının Azərbaycanın regional sülh gündəliyinin təşəbbüskarı olduğunu və davamlı sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirməsi ölkəmizin postmünaqişə dövründə müəyyənləşdirdiyi xarici siyasət prioritetlərinin ifadəsidir.

Azərbaycanın Balkan dövlətləri ilə siyasi və iqtisadi münasibətlərini genişləndirməsi Avropa ilə əməkdaşlığın coğrafiyasının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Prezident İlham Əliyevlə Miloyko Spayiç arasında keçirilən görüş həm mövcud tərəfdaşlığın möhkəmləndirilməsi, həm də yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar açır. Qarşılıqlı investisiyaların artırılması, enerji və infrastruktur layihələrinin inkişaf etdirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi gələcək münasibətlərin əsas istiqamətləri sırasında yer ala bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: