fazil mustafa 900x563 1

“Yaxın perspektivdə Ermənistanla münasibətlər kontekstində bizi maraqlandıran ən vacib məsələ TRIPP layihəsinin icrasına başlanması və bu prosesə regionda hər hansı maneənin yaradılmamasıdır. Yaxın illərdə layihənin reallaşması ən böyük strateji hədəflərimizdən biri olan Naxçıvanla quru əlaqəsinin açılmasına, eyni zamanda, Türkiyə ilə birbaşa quru bağlantısının qurulmasına imkan verə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, burada əsas məsələlərdən biri Naxçıvanın hazırkı vəziyyətidir:

“Bildiyiniz kimi, hələlik Naxçıvanla quru yolumuz yoxdur. İran üzərindən daşımaların həyata keçirilməsi də bölgədə yaranmış vəziyyətə görə sabit və arzuolunan səviyyədə deyil.

2027-ci ilin dövlət büdcəsində Naxçıvana ayrılan dotasiyanın 198 milyon manat nəzərdə tutulması da diqqət çəkir. Bu, ötən illə müqayisədə 6,4 faiz azdır. Fikrimcə, bu məsələyə yenidən baxmalıyıq. Çünki Naxçıvanda vəziyyət hələ də yaxşılaşmayıb.

Bölgədə iqtisadi canlanmanın təmin olunması, müxtəlif islahatların həyata keçirilməsi istiqamətində ciddi təşəbbüslər var. Yeni idarəedicilər bu istiqamətdə fəal çalışırlar. Ancaq bütün məsələlər sonda yol probleminə gəlib çıxır. Yol açılmadıqca hər hansı ciddi layihəni arzu olunan səviyyədə həyata keçirmək mümkün olmur.

Bununla yanaşı, Naxçıvanda sosial problemlər, xüsusilə də işsizliklə bağlı məsələlər ciddi narahatlıq doğurur. Səhiyyə sahəsində də müəyyən çətinliklər var. Bu sahədə çalışan kadrların böyük əksəriyyətinin Bakıda olması Naxçıvan sakinlərinin, xüsusilə də xəstəliyi olan insanların paytaxta gəlib-getməsini çətinləşdirir. Bəzən insanlar müalicə almaqdan belə çəkinirlər. Çünki təyyarə bileti almaq, üstəlik, yanlarında iki-üç nəfərlə Bakıya gəlib müalicə olunmaq hər kəs üçün mümkün deyil.

Ona görə də hesab edirəm ki, quru yollar açılmayana qədər Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil. Hökumət mövcud vəziyyəti və alternativ imkanları nəzərə alaraq, əksinə, bu vəsaiti artırmalıdır. Heç olmasa, xəstəliyi olan insanlar müalicə məqsədilə bir dəfə Bakıya pulsuz gəlib-qayıtmaq imkanı əldə etməlidirlər. Bu, onların ən azı sağlamlıqlarını qoruması və həyatlarını davam etdirməsi baxımından vacibdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: