
Türkiyənin Antalya şəhərində keçirilən COP31 sammitinin bağlanış iclasında gərgin anlar yaşanıb.
Sammitin yekun sessiyasında COP31-in prezidenti Murat Kurum çıxış edərkən BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı katibi Saymon Stiell onunla danışmağa cəhd edib.
Lakin Kurum “Saymon, zəhmət olmasa, əyləş” deyərək müdaxiləyə imkan verməyib.
“The Guardian” nəşrinin məlumatına görə, hadisədən sonra Qana nümayəndəsi çıxış edərək iştirakçı ölkələri qarşılıqlı hörmətə çağırıb.
***
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) yekunlaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, iştirakçı ölkələr arasında uzunmüddətli danışıqların nəticəsiz qalması səbəbindən “Antalya Paktı”nın qəbul edilməsi mümkün olmayıb.
Sədrlik tərəfindən bu gün təqdim olunan yekun saziş layihəsi bir sıra ölkələrin, o cümlədən Avropa İttifaqı (Aİ), Norveç, Panama və Marşall adalarının etirazı ilə qarşılaşıb. Nəticədə tarixin ən uzun sürən iqlim konfransı COP31-də yekun razılıq əldə edilməyib.
COP31-in prezidenti Murat Kurum “təəssüf ki, bəzi ölkələr bu tarixi məsuliyyətin tələb etdiyi səyi və çevikliyi göstərə bilmədi. Dünya gözləmir. Təbii fəlakətlər gözləmir. Gələcək nəsillər gözləmir” deyib.
BMT-nin Baş katibi Antonio Quterreş isə COP31-in hərtərəfli razılaşma olmadan başa çatmasından dərin məyusluq duyduğunu ifadə edib.