“Dünya rəsmi olaraq iqlim ekstremallıqları dövrünə qədəm qoyub. Bu yeni reallığın bədəli yüz minlərlə insan həyatı və trilyonlarla dollarla ölçülür”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktoru Levon Azizyan deyib.
O qeyd edib ki, 2026-cı ilin sonuna olan göstəricilər narahatlıq doğurur.
“Təkcə ötən yay Avropa şəhərlərində istilərlə əlaqədar əlavə ölüm hallarının sayı 30 mini ötüb. Müxtəlif qiymətləndirmələrə görə, temperatur anomaliyaları ilə bağlı ümumi ölüm sayı təxminən 50 min nəfərdir. Ən böyük itkilər İtaliya, Fransa, İspaniya, Almaniya və Böyük Britaniyanın payına düşüb.
Asiyada da faciə baş verib: Himalay dağlarında buzlaqın çökməsi nəticəsində nəhəng buz və qaya kütləsi aşağı yuvarlanaraq ən azı 1300 nəfərin həyatına son qoyub. Sanki bütün qitələrdə təbiət hadisələri nəzarətdən çıxıb”.
L.Azizyan bildirib ki, son üç onilliyin məlumatları itkilərin miqyası barədə daha dolğun təsəvvür yaradır:
“ Ekspertlərin hesablamalarına görə, bu müddət ərzində hava şəraiti ilə bağlı fəlakətlər dünya iqtisadiyyatına təxminən 5 trilyon dollar ziyan vurub, ölənlərin sayı isə 900 mini ötüb. Bu məlumatlar Türkiyədə keçirilən iqlim sammitində təqdim olunub.
Ən çox zərər çəkən 20 ölkə arasında inkişaf etməkdə olan dövlətlərlə yanaşı, Avropa İttifaqının nisbətən rifahlı ölkələri – İtaliya, Fransa, Yunanıstan və İspaniya da yer alır. Təkrarlanan istilik dalğaları və infrastrukturu dağıdan meşə yanğınları hər il onların iqtisadiyyatına milyardlarla dollar ziyan vurur.
Araşdırmalar göstərir ki, iqlim dəyişikliyi riskləri artırır. Əvvəllər nadir hallarda müşahidə olunan ekstremal hadisələr təkrarlanan təhlükəyə çevrilir. Ən çox zərər çəkən regionlar arasında Karib hövzəsi, Cənub-Şərqi Asiya, Afrikanın cənub-şərq bölgələri və Aralıq dənizi ölkələri var”.
Onun sözlərinə görə, elmi təhlillər Yer kürəsinin iqlim sistemində dərin dəyişikliklərin baş verdiyini göstərir:
“Dünya okeanı planetin temperaturunu tənzimləyir. Onilliklər ərzində okean insan fəaliyyəti nəticəsində Yer kürəsinin iqlim sistemində toplanan əlavə istiliyin 90 faizədək hissəsini udub. Lakin bu istilik yükünün nəticələri getdikcə daha aydın görünür.
2026-cı ilin oktyabrında qütb bölgələrindən kənarda okean səthinin orta temperaturu 20,95°C-yə çataraq bütün müşahidə dövrü üzrə mütləq rekord müəyyən edib.
Okeanın istiləşməsi buz örtüyünün əriməsini sürətləndirir və bununla da müsbət əks-əlaqə mexanizmi yaranır. Peyk müşahidələrinin məlumatlarına görə, bu payız Antarktida ətrafında dəniz buzunun sahəsi iqlim normasından 9,3 faiz az olub. Bu, bütün müşahidə dövrü üzrə ikinci ən aşağı göstəricidir. Arktikada da dəniz buzunun sahəsi tarixi minimuma enib.
Parlaq buz örtüyü geri çəkildikdə suyun daha tünd səthi üzə çıxır. Bu səth Günəş şüalarını daha çox udur, istiləşməni gücləndirir və buzların daha sürətlə əriməsinə səbəb olur.
2023–2026-cı illər rəsmi olaraq bəşər tarixinin ən isti dördillik dövrü kimi tanınıb. Həmin dörd ilin orta temperaturu sənayeləşmədən əvvəlki dövrün göstəricisini 1,5°C-dən çox üstələyib. Ekstremal hava hadisələri gözlərimiz qarşısında yeni iqlim reallığının bir hissəsinə çevrilir”.
Əliyar Xəlil
Globalinfo.az