Ukrayna ilə Rusiya arasında müharibənin başa çatması ehtimallarının müzakirə olunduğu, eyni zamanda İran ətrafında gərginliyin artdığı bir vaxtda Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri diqqət çəkir.
İki nüvə dövlətinin yaxınlaşması nədən xəbər verir? Böyük güclər arasında münasibətlər dünya nizamına necə təsir göstərə bilər? Dünyanın geosiyasi xəritəsi dəyişirmi və bu proseslər Azərbaycana necə təsir edəcək?
Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, müasir dünyada geosiyasi proseslər köhnə beynəlxalq nizamın parçalanması və çoxqütblü yeni güc balansının formalaşması ilə xarakterizə olunur:
“Beynəlxalq hüquq normalarının və qlobal institutların təsiri zəiflədikcə dövlətlər arasında birbaşa güc siyasəti, iqtisadi təzyiq və regional bloklaşma ön plana çıxır. Dünyanın iki ən böyük iqtisadiyyatı arasında süni intellekt, yarımkeçiricilər və kritik minerallar üzərində strateji rəqabət dərinləşir. Vaşinqton və Pekin yüksək səviyyəli diplomatik təmasları davam etdirsələr də, ticarət tarifləri və Tayvan məsələsi əsas gərginlik nöqtələri olaraq qalır. Geosiyasi risklər səbəbindən iri dövlətlər və şirkətlər istehsalı öz ölkələrinə və ya etibarlı müttəfiq regionlara köçürürlər. Enerji və strateji xammal resurslarına nəzarət milli təhlükəsizliyin əsas meyarına çevrilir. Nüvə silahlarının məhdudlaşdırılmasına dair əsas beynəlxalq müqavilələrin müddətinin bitməsi və qlobal müdafiə xərclərinin rekord həddə çatması yeni silahlanma yarışına təkan verir.
Bölgədə uzun müddət davam edən gərginlik ABŞ və İsrailin İranla birbaşa hərbi toqquşması və Hörmüz boğazı ətrafındakı böhranla yeni mərhələyə keçib. Eyni zamanda Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kimi regional güclər arasında yeni təhlükəsizlik ittifaqları formalaşır. Müharibənin yaratdığı təhlükəsizlik böhranı fonunda ABŞ və Avropa İttifaqı arasında strateji yanaşma fərqləri dərinləşir. Avropa ölkələri həm müdafiə qabiliyyətlərini artırmağa, həm də Rusiya ilə mümkün sülh danışıqları və təhlükəsizlik təminatları ətrafında mövqe formalaşdırmağa çalışırlar. ABŞ-ın Latın Amerikasında, xüsusilə Venesuelada həyata keçirdiyi hərbi-siyasi müdaxilələr və Qrenlandiya kimi strateji ərazilər ətrafındakı iddiaları transatlantik və regional münasibətlərdə ciddi silkələnmələr yaradıb. Şimal və cənub marşrutlarında yaranan hərbi-siyasi maneələr Çinlə Avropanı birləşdirən Orta Dəhlizi qlobal ticarət üçün əvəzolunmaz alternativə çevirir. Regionda Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi fonunda Türkiyənin artan təsiri, Rusiyanın dəyişən mövqeyi və Qərblə Çinin geoiqtisadi maraqları yeni təhlükəsizlik arxitekturasını formalaşdırır”.
Politoloq bildirib ki, Çin və Rusiyanın yaxınlaşması qlobal güc balansının dəyişməsindən, iqtisadi və hərbi-texniki əməkdaşlığın genişlənməsindən, həmçinin böyük güclər arasında yeni diplomatik formatların yaranmasından xəbər verir:
“18 noyabr 2026-cı ildə Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında iki saatdan çox davam edən görüşdə tərəflər iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Çin şirkətləri sanksiya altındakı Rusiya müəssisələrinə ikili təyinatlı və dron istehsalı üçün vacib komponentlər, materiallar tədarük edir. 19 noyabr 2026-cı ildə Şençjendə APEC sammiti çərçivəsində ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşü planlaşdırılır. Görüşdə münasibətlərin normallaşdırılması, Ukrayna münaqişəsi, təhlükəsizlik və nüvə nəzarəti kimi məsələlərin gündəmə gələcəyi ehtimal edilir. Çin və Rusiya rasındakı strateji əməkdaşlıq hazırda institusional dərinləşmə, yüksək səviyyəli iqtisadi inteqrasiya və qlobal çoxqütblü nizamın birgə formalaşdırılması mərhələsinə qədəm qoyur.
2026-cı il tərəfdaşlığın 30 illik və Dostluq Müqaviləsinin 25 illik yubileyi ilə əlamətdar olaraq əlaqələrin praktiki və uzunmüddətli müstəviyə keçidini göstərir. İkitərəfli ticarət dövriyyəsi ardıcıl olaraq 200 milyard ABŞ dollarını ötüb və 2026-cı ildə artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır. Çin 16 ildir ki, Rusiyanın əsas ticarət tərəfdaşı olaraq qalır. Əməkdaşlıq artıq təkcə xammal mübadiləsi ilə məhdudlaşmır. Çin Rusiyaya avtomobil, məişət texnikası və yüksək texnoloji avadanlıqlar ixrac edərkən, enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində 90-dan çox birgə layihə icra olunur. “Sibirin gücü-2” qaz kəməri və “Yamal LNG” kimi layihələr üzrə imzalanan yeni sazişlər uzunmüddətli enerji təhlükəsizliyi və Şimal Dəniz Yolu boyunca əməkdaşlığı möhkəmləndirir”.

Bakir Həsənbəyli
B.Həsənbəyli qeyd edib ki, Pekin Moskvaya sanksiyalardan yayınmaqda və müdafiə sənayesi üçün kritik komponentlərin tədarükündə mühüm iqtisadi-texnoloji dayaq rolunu oynayır:
“Hər iki ölkə BRİCS və ŞƏT çərçivəsində Qərbin qlobal hegemonluğuna alternativ mexanizmlər yaratmaq üçün mövqelərini sinxronlaşdırır. ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə qlobal sabitlik və regional münaqişələrin həlli üzrə üçtərəfli təmasların gündəmə gəlməsi Pekinin qlobal vasitəçilik və balanslaşdırıcı rolunu artırır. Tərəfdaşlıq rəsmi olaraq bərabərhüquqlu elan edilsə də, Rusiyanın Çin bazarından və texnologiyasından artan asılılığı münasibətlərdə struktur asimmetriya yaradır. Mərkəzi Asiya və Arktika regionlarında Çinin artan iqtisadi və geosiyasi fəallığı gələcəkdə Moskva ilə Pekin arasında gizli rəqabət sahələridə yarada bilər. Böyük güclər arasındakı münasibətlər dünya nizamının strukturunu, qlobal təhlükəsizliyi və iqtisadi sabitliyi birbaşa müəyyən edir. Bu ölkələrin əməkdaşlıq və ya rəqabət yolunu seçməsi beynəlxalq sistemin gələcək formasını dəyişdirə bilər.
Qarşılıqlı əlaqələr qlobal sistemdə müxtəlif ssenarilər yarada bilər. Bir neçə mərkəzin eyni vaxtda güc qazanması təkqütblü sistemin zəifləməsinə və qərarların qəbulunda güc balansının yenidən bölüşdürülməsinə səbəb olur. Rəqabətin dərinləşməsi dövlətləri müxtəlif siyasi və hərbi ittifaqlarda birləşməyə vadar edir. Bu vəziyyət Soyuq Müharibə dövrünə bənzər qütbləşmə riskini artırır. BMT və Ümumdünya Ticarət Təşkilatı kimi qlobal qurumların effektivliyi böyük güclərin ortaq razılığa gəlmək iradəsindən asılıdır. Fikir ayrılıqları bu təsisatların işini ləngidə bilər. Böyük güclər arasındakı gərginlik qloballaşmanın xarakterini dəyişdirir, regional sabitliyə birbaşa təsir edir. Böyük dövlətlər birbaşa toqquşmadan yayınmaq üçün öz maraqlarını üçüncü ölkələrdəki regional münaqişələr vasitəsilə qorumağa çalışa bilərlər. Strateji dialoqun zəifləməsi nüvə və digər kütləvi qırğın silahlarına nəzarət müqavilələrinin ləğvinə və yeni silahlanma yarışına səbəb ola bilər. Dünya siyasətinin xəritəsi sürətlə çoxqütblü sistemə doğru dəyişir və bu proses Azərbaycan üçün həm yeni strateji imkanlar, həm də müəyyən təhlükəsizlik çağırışları yaradır”.
Politoloqun sözlərinə görə, qlobal güc mərkəzləri arasında artan rəqabət, ənənəvi təsir dairələrinin zəifləməsi və yeni ticarət marşrutlarının formalaşması Cənubi Qafqazın geosiyasi əhəmiyyətini köklü şəkildə yeniləyib:
“Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər bir neçə əsas istiqamətdə özünü göstərir. ABŞ və Çin arasında iqtisadi və texnoloji mübarizə dərinləşir, Avropa İttifaqı isə öz təhlükəsizlik və enerji siyasətini yenidən qurur. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər Rusiyanın və İranın Cənubi Qafqazdakı ənənəvi təsir imkanlarını məhdudlaşdırır. Qlobal münaqişələr səbəbindən şimal və cənub ticarət yolları riskli hala gəlib, bu isə alternativ dəhlizlərə ehtiyacı artırıb. Yeni dünya düzənində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş müstəqil regional aktora çevrilərək bir sıra üstünlüklər qazanıb. Şimal marşrutlarına alternativ olan Orta Dəhlizin strateji əhəmiyyəti kəskin artıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və regionda kommunikasiyaların açılması Azərbaycanı Avrasiyanın əsas nəqliyyat qovşağına çevirir. Avropanın enerji mənbələrini şaxələndirmək səyləri Azərbaycanın təbii qaz ixracatçısı və yaşıl enerji tədarükçüsü kimi mövqeyini möhkəmləndirir. Xəzər dənizi üzərindən Avropaya elektrik enerjisi ötürülməsi kimi layihələr daha real mərhələyə keçib. Böyük güclərin bir-biri ilə məşğul olması Azərbaycana heç bir hərbi və ya siyasi bloka qoşulmadan Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya, Avropa İttifaqı və Çinlə bərabərhüquqlu tərəfdaşlıq qurmağa imkan verir. Xarici vasitəçilərin təsirinin azalması Bakı və İrəvan arasında ikitərəfli danışıqların və Vaşinqtonda paraflanmış sülh prosesinin irəliləməsinə şərait yaradıb.
Qlobal xəritənin yenidən cızılması Azərbaycan üçün müəyyən ehtiyatlılıq tələb edən risklər də daşıyır. Yaxın Şərqdəki münaqişələrin genişlənməsi, İran ətrafındakı təhlükəsizlik gərginliyi və Rusiya-Qərb qarşıdurmasının dərinləşməsi Cənubi Qafqazın təhlükəsizlik mühitinə dolayısı ilə təsir göstərə bilər. Ermənistan daxilindəki siyasi proseslər, konstitusiya dəyişiklikləri ilə bağlı gecikmələr və sərhədlərin delimitasiyası məsələləri yekun sülh müqaviləsinin imzalanmasını uzada bilər. Böyük dövlətlər arasındakı ticarət müharibələri və enerji bazarlarındakı qiymət dəyişkənliyi qeyri-neft sektorunun inkişafını və iqtisadi şaxələndirməni Azərbaycan üçün daha da zəruri edir”.
Turan Rzayev
Globalinfo.az