ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi rabitə şəbəkəsində nasazlıq yaranıb. CNN bildirir ki, NSA əməkdaşlarının məxfi məlumat mübadiləsi üçün istifadə etdiyi “NSA Net” şəbəkəsinin fəaliyyətində problem qeydə alınıb. İlkin məlumatlara əsasən, nasazlığın kiberhücumla əlaqəli olduğunu göstərən əlamət yoxdur. Maraqlıdır ki, son günlər ABŞ-ın bir sıra dövlət qurumları və iri şirkətlərinin, o cümlədən “Microsoft”, “United Airlines” və “JPMorgan Chase”in sistemlərində də texniki nasazlıqlar yaşanıb.
ABŞ-da nə baş verir? Ard-arda nasazlıqlar xarici hücumdan qaynaqlanır, ya başqa səbəb var?
Globalinfo.az-a danışan kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə deyib ki, müxtəlif dövlət qurumlarının və iri şirkətlərin sistemlərində eyni dövrdə problemlərin yaranması bunun mütləq kiberhücum nəticəsində baş verdiyi anlamına gəlmir:
“Müasir rəqəmsal infrastruktur kifayət qədər mürəkkəbdir. Bir çox qurum eyni bulud xidmətlərindən, proqram təminatlarından, şəbəkə avadanlıqlarından və texnologiya təchizatçılarının məhsullarından istifadə edir. Bu sistemlərdən birində yaranan texniki problem bir-biri ilə birbaşa əlaqəsi olmayan çoxsaylı təşkilatların fəaliyyətinə təsir göstərə bilər. Hazırkı məlumatlar da bu ehtimalı gücləndirir. ABŞ Milli Təhlükəsizlik Agentliyi nasazlığın planlı texniki xidmət zamanı baş verdiyini bildirib. Daha sonra ABŞ Milli Kəşfiyyatının direktoru proqram təminatındakı təhlükəsizlik boşluqlarının aradan qaldırılması məqsədilə tətbiq edilən yeniləmələrin bəzi sistemlərin gözlənildiyi kimi işləməməsinə səbəb olduğunu açıqlayıb”.
Əmrah Mövsümzadə
Ekspert bildirib ki, burada diqqət yetirilməli əsas məqamlardan biri köhnəlmiş texnoloji infrastrukturun yeni proqram təminatına uyğunluğudur:
“Bəzi böyük təşkilatlar illər əvvəl qurulmuş sistemlər üzərində yeni texnologiyalar tətbiq edirlər. Yeniləmə və inteqrasiya prosesləri lazımi qaydada sınaqdan keçirilmədikdə sistemlərdə gözlənilməz xətalar, xidmətlərin dayanması və məlumat mübadiləsində problemlər yaranır. Lakin kiberhücum ehtimalını da tamamilə istisna etmək düzgün olmaz. Dövlət qurumları və iri şirkətlər kiberdələduzların, eləcə də dövlət dəstəkli haker qruplarının potensial hədəfləridir. Belə bir iddianı irəli sürmək üçün texniki sübutlar, sistem jurnallarının təhlili, icazəsiz giriş cəhdləri və digər rəqəmsal izlər olmalıdır.
Hazırkı mərhələdə baş verənləri ABŞ-a qarşı koordinasiyalı kiberhücum kimi təqdim etmək üçün əsas yoxdur. Daha çox müxtəlif texniki səbəblərdən qaynaqlanan nasazlıqların eyni dövrə təsadüf etməsi ehtimalı ön plana çıxır. Hadisələr göstərir ki, hətta dünyanın ən inkişaf etmiş texnoloji infrastrukturuna malik dövlətlər də rəqəmsal sistemlərdəki nasazlıqlardan sığortalanmayıb. Bu, mühüm reallıqdır”.
Ləman İmran
Globalinfo.az