Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə, 2025-ci ildə 288 579 Almaniya vətəndaşı ölkəni tərk edib. Bu, son illərin rekord göstəricisidir. Ölkədə iqtisadi durğunluq, karyera imkanlarının məhdudlaşması, gələcəyə inamın azalması və demoqrafik problemlər miqrasiya meylini gücləndirən amillər kimi göstərilir. Xüsusilə gənclərin və ixtisaslı mütəxəssislərin ölkədən getməsi narahatlıq doğurur. Digər tərəfdən, Azərbaycan cəmiyyətində Almaniya hələ də yüksək həyat standartları, sosial təminat, təhsil və karyera imkanları ilə cəlbedici ölkə hesab olunur. Bir çox gənc və mütəxəssis məhz bu ölkədə yeni həyat qurmağa çalışır.
Almanların özlərinin tərk etdiyi ölkə azərbaycanlılar üçün niyə hələ də cəlbedici görünür? Almaniya həqiqətən əvvəlki rifah və imkanlar ölkəsi olmaq xüsusiyyətini itirir, yoxsa bu, inkişaf etmiş ölkələrin üzləşdiyi yeni iqtisadi və demoqrafik reallıqların göstəricisidir?
Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, Almaniyada miqrasiya saldosu artıq mənfi olub:
“Mənfi saldo ölkəyə daimi yaşamaq üçün gələnlərin sayının onu tərk edənlərin sayından az olması deməkdir. Bu vəziyyət dövlət üçün ciddi xəbərdarlıqdır. Çünki mənfi miqrasiya saldosu əmək bazarına və sosial təminat sisteminə təsir göstərir. Buna görə də hökumətlər belə hallarda təxirəsalınmaz tədbirlər görməyə çalışırlar. Miqrasiyanın əsas səbəblərindən biri iqtisadi vəziyyətdir. İqtisadi tənəzzül, ayrı-ayrı sahələrdə durğunluq və xüsusilə sənayedə müşahidə olunan böhran inkişaf tempinin zəifləməsinə və ümumi qeyri-sabitliyə səbəb olur. Bununla yanaşı, ərzaq məhsullarının və xidmətlərin bahalaşması vətəndaşların maddi rifahına mənfi təsir göstərir. Yüksək vergi dərəcələri və sosial ödənişlər də əmək fəaliyyəti ilə məşğul olan mütəxəssislər üçün ciddi maliyyə yükü yaradır. Bütün bunlar Almaniya vətəndaşlarının xarici ölkələrə köçmək meylini gücləndirir. Digər mühüm amillərdən biri daxili siyasi vəziyyətdir. Son dövrlərdə Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ partiyasının populyarlığının kəskin artması cəmiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Əhalinin müəyyən hissəsi bu partiyanın siyasi kursunu qəbul etmir, daha mühafizəkar və liberal siyasətə üstünlük verir. Bu isə siyasi gərginliyin artmasına təsir göstərir. Eyni zamanda ictimai təhlükəsizlik, sosial gərginlik və miqrasiya ilə bağlı müzakirələr də bəzi vətəndaşların ölkəni tərk etmək qərarına təsir edir”.
Azər Allahverənov
Deputat bildirib ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik riskləri də nəzərə alınmalıdır:
“Rusiyanın mümkün hücumları, eləcə də ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin olunmasında əvvəlki rolunu davam etdirməyəcəyi ilə bağlı yanaşmalar vətəndaşlarda narahatlıq yaradır. Bu səbəbdən bəzi almanlar daha təhlükəsiz və sabit hesab etdikləri ölkələrə köçməyə üstünlük verirlər. Almaniya vətəndaşlarının üz tutduğu ölkələr arasında ilk növbədə İsveçrə və Avstriya yer alır. Bu seçimdə coğrafi yaxınlıq və dil probleminin olmaması mühüm rol oynayır. İspaniya da populyar istiqamətlərdəndir. Fransa, Niderland və Belçika da almanların köç etdiyi ölkələr sırasındadır. Ümumilikdə, əsas üstünlük qonşu və əmək miqrantları üçün daha əlverişli şərait yaradan dövlətlərə verilir.
Azərbaycan vətəndaşlarının Almaniyaya marağının yüksək olmasının isə bir neçə səbəbi var. İlk növbədə, ölkədə geniş əmək imkanlarının, çoxsaylı iş təkliflərinin olması, yüksək həyat keyfiyyəti, təhlükəsizlik və sabitlik mühüm amillərdir. Əldə olunan gəlirin həyat xərclərinə uyğunluğu da Almaniyanı cəlbedici edir. Bundan başqa, əlçatan təhsil sistemi və ali təhsil almaq imkanları, xüsusilə alman dilini bilən şəxslər üçün əlavə üstünlük yaradır. Bu amillər müxtəlif sorğularda və fokus qrup müzakirələrində də öz əksini tapır”.
Millət vəkili qeyd edib ki, dünya üzrə miqrasiya tendensiyalarına əsasən əmək miqrantları daha çox ingilisdilli ölkələrə üz tutur:
“Əvvəllər ABŞ, Kanada və Almaniya əsas istiqamətlər arasında idisə, hazırda Avstraliya əmək miqrantları üçün ən cəlbedici ölkələrdən biri kimi ön plana çıxır. Bunun səbəbləri sırasında iqtisadi imkanlar, təhlükəsizlik, liberal vergi siyasəti və digər amillər var. ABŞ, Kanada, Böyük Britaniya və Avstraliya bu baxımdan əsas dörd istiqamət hesab olunur. Almaniya isə hazırda dünya miqyasında beşinci yerdə qərarlaşıb. Halbuki əvvəlki illərdə ABŞ-dan sonra ikinci yerdə idi. Bu dəyişiklik ölkəyə beynəlxalq miqyasda marağın azaldığını göstərir. Bununla belə, Azərbaycan vətəndaşlarının Almaniyaya marağı hələ də yüksəkdir. Əmək imkanları, əlverişli iş mühiti, yüksək həyat səviyyəsi, münasib məvacib və təhsil imkanları bu ölkəni azərbaycanlı miqrantlar üçün cəlbedici edir.
İnkişaf etmiş ölkələrin üzləşdiyi iqtisadi və demoqrafik reallıqlardan danışarkən miqrasiyanın demoqrafiyaya təsirini də nəzərə almaq lazımdır. Miqrasiya ilə demoqrafik vəziyyət bir-biri ilə sıx bağlıdır. Almaniyada yaşanan bu proses rekord göstərici olsa da, hələlik ölkənin demoqrafik mənzərəsində ciddi fəsad yaradacaq səviyyədə qiymətləndirilə bilməz. Lakin bu tendensiya davam edərsə, gələcəkdə demoqrafik vəziyyətə təsir göstərəcək. Çünki ölkəni tərk edənlər əsasən 20-30 yaşlı gənclər və əmək qabiliyyətli şəxslərdir. Bu isə əmək bazarında müəyyən boşluqlar yarada bilər”.
Ləman İmran
Globalinfo.az