“Banklar aktiv fəaliyyətlərini davam etdirirlər. Fiziki şəxslərin əmanətlərində 10 ayın nəticələrinə əsasən, 14,6 faiz artım qeydə alınıb. O cümlədən, müddətli əmanətlərdə 16,4 faiz artım müşahidə edilib”.
Globalinfo.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Sədr bildirib ki, 2021-ci illə müqayisədə həm həcm, həm də unikal abunəçilərin sayı üzrə göstəricilər təxminən iki dəfə artıb:
“Sığorta bazarında sığorta haqları üzrə 9 ayın nəticələrinə əsasən, 8 faizlik artım müşahidə edilib. Sığorta ödənişlərində isə 29 faizlik artım qeydə alınıb. Ümumilikdə, sığorta bazarı son beş il ərzində iki dəfə böyüyüb.
Sığorta haqlarının 80 faizi könüllü sığorta siniflərinin, 56 faizi isə həyat sığortası üzrə yığımların payına düşür.
Kapital bazarlarında da müsbət meyillər davam edir. Qiymətli kağızlar bazarının dövriyyəsi 35 milyarda çatıb. O cümlədən, səhmlər bazarının dövriyyəsi 10 ayın nəticələrinə əsasən, 9 dəfə artaraq 2,66 milyard dollar təşkil edib.
Onu da qeyd etmək istərdim ki, son illərdə kapital bazarlarında bir sıra tədbirlər həyata keçirilib. Son iki ildə iki böyük təklif yerləşdirilib və bu yerləşdirmələr üzrə əsas əməliyyatlar maliyyə bazarlarında həyata keçirilib”.
Safura Bənnayeva
Globalinfo.az