İran və Argentina arasında gərginlik pik həddə çatıb. İranda Argentina ordusu “terror təşkilatı” elan edilib. Bundan əvvəl isə Argentina 31 mart 2026-cı ildə İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə edərək ona qarşı maliyyə sanksiyaları və fəaliyyət məhdudiyyətləri tətbiq etmişdi.
Bu addımların əsas məqsədi nədir? İki ölkə arasındakı qarşıdurma hərbi müstəviyə keçə və yeni müharibə riski yarada bilərmi?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, bu qarşıdurma daha geniş geosiyasi proseslərin tərkib hissəsidir:
“Burada söhbət təkcə iki dövlətin bir-birinə qarşı atdığı siyasi addımlardan deyil, ABŞ və İsrailin Yaxın Şərq siyasəti, İranın beynəlxalq mövqeləri və tətbiq olunan sanksiya mexanizmlərindən gedir. Tehranın bu qərarı həm də Argentinanın SEPAH-ı terror təşkilatı elan etməsinə cavab xarakteri daşıyır. Argentinanın qərarının arxasında bir neçə mühüm amil dayanır.
Birincisi, Buenos-Ayresin ABŞ və İsraillə strateji yaxınlaşma siyasətidir. Prezident Xavyer Miley administrasiyası xarici siyasətdə Vaşinqton və Təl-Əvivlə münasibətlərə xüsusi əhəmiyyət verir. SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi də bu siyasi kursun davamı kimi qiymətləndirilə bilər.
İkinci mühüm amil Argentina ilə İran arasında uzun illərdir davam edən tarixi və hüquqi mübahisələrdir. 1994-cü ildə Buenos-Ayresdə yerləşən AMIA yəhudi icma mərkəzində törədilmiş terror aktı nəticəsində 85 nəfər həlak olub. Argentina bu hücumda “Hizbullah”ı məsul hesab edir və İranın həmin təşkilata dəstəyini təhlükəsizlik təhdidi kimi qiymətləndirir. Tehran isə ittihamları rədd edir. Bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasına mane olan əsas amillərdən biri olaraq uzun illərdir qalır”.
Rəşad Bayramov
Politoloq bildirib ki, İranın cavab addımının əsas məqsədi Argentinaya siyasi və diplomatik təzyiq göstərmək, eyni zamanda digər dövlətlərə xəbərdarlıq etməkdir:
“Tehran nümayiş etdirməyə çalışır ki, SEPAH-ın terror təşkilatı elan edilməsi yalnız İranın daxili təhlükəsizlik strukturlarına qarşı yönəlmiş qərar deyil, həm də İran dövlətinin suverenliyinə və hərbi institutlarına müdaxilə kimi qəbul olunur. Bu baxımdan, Argentina hərbi qüvvələrinin terror təşkilatları siyahısına salınması daha çox siyasi simvolizm və çəkindirmə vasitəsi xarakteri daşıyır.
Qarşıdurmanın hərbi müstəviyə keçməsi ehtimalına gəldikdə isə hazırkı vəziyyətdə bu elə də real deyil. Belə ki, əvvəla iki ölkə arasında böyük coğrafi məsafə mövcuddur. Argentina Cənubi Amerikada yerləşir və İranla ortaq sərhədə, yaxud birbaşa hərbi təmas xəttinə malik deyil. Bundan başqa, Buenos-Ayresin Tehranla müharibəyə başlamaq üçün aşkar strateji və iqtisadi motivasiyası da görünmür. Amma müəyyən təhlükəsizlik riskləri var və bunu istisna etmək düzgün olmazdı”.
R.Bayramov qeyd edib ki, indiki şərtlər daxilində qarşıdurmanın daha çox dolayı müstəvidə inkişaf etməsi mümkündür:
“Buraya kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinin intensivləşməsi, diplomatik münasibətlərin daha da məhdudlaşdırılması, maliyyə və iqtisadi təzyiqlər, eləcə də xaricdəki diplomatik obyektlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar daxildir. Bütün hallarda İran-Argentina qarşıdurmasını yeni dövlətlərarası müharibənin başlanğıcı kimi yox, qlobal geosiyasi qütbləşmənin Latın Amerikasına da sirayət etməsinin göstəricisi kimi qiymətləndirmək daha düzgün olar. Əsas risk iki ölkənin birbaşa müharibəyə başlamasından daha çox, qarşılıqlı düşmənçilik siyasətinin üçüncü tərəflərin maraqları və regional təhlükəsizlik prosesləri ilə birləşərək daha geniş böhran yaratmasıdır. Beləliklə, diplomatik ritorikanın sərtləşməsi ciddi siyasi nəticələr doğura bilər, lakin bu, özlüyündə hərbi münaqişənin qaçılmaz olduğu anlamına gəlmir”.
Ləman İmran
Globalinfo.az