“Biz müxtəlif şikayətçilərdən, seçicilərdən məktublar alır, onlarla görüşlər keçiririk. Onlar qarşılaşdıqları problemlərin həlli üçün bizə müraciət edirlər. Təbii ki, biz də izah edirik ki, deputatın bu məqsədlər üçün ayrıca büdcəsi yoxdur. İcra hakimiyyətlərinə müraciət etdikdə isə məlum olur ki, onların da müvafiq vəsaiti yoxdur. Məsələ ilə bağlı məktublarımızı aidiyyəti dövlət qurumlarına ünvanlayırıq, lakin oradan da büdcədə bu məqsədlər üçün vəsait nəzərdə tutulmadığı bildirilir. Beləliklə, burada bir növ dalana dirənmiş vəziyyət yaranır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.
“Vətəndaşın problemi var, lakin həmin problemin həlli üçün heç bir çıxış yolu tapa bilmir. Nəticədə sadəcə məktub dövriyyəsi yaranır. Bunun səbəblərindən biri də odur ki, əslində, dövlətin müxtəlif sahələrdə bu cür problemlərin həlli üçün ayrı-ayrı qurumlarda vəsaitləri nəzərdə tutulsa da, bu və ya digər səbəbdən vətəndaş həmin vəsaitlərə çıxış əldə edə bilmir. Bəzən sənədləri qaydasında olmur, bəzən vaxtında müraciət etmir, bəzən də onun üçün müvafiq yardım nəzərdə tutulmur.
Amma bu gün qəza keçirənlər, xəstəliklə üzləşənlər, müxtəlif təbii hadisələr nəticəsində çətin vəziyyətə düşənlər, evi olmayanlar, tənha insanlar var. Belə insanların sayı da kifayət qədərdir. Biz bunu bizə ünvanlanan məktublardan və şikayətlərdən aydın görürük. Lakin nə biz onlara kömək edə bilirik, nə də müraciət etdiyimiz dövlət orqanları”.
Deputat qeyd edib ki, əvvəllər dövlət orqanlarında müəyyən ehtiyat fondları nəzərdə tutulurdu və həmin vəsaitlər hesabına bu cür şəxslərin problemlərinin həllinə kömək göstərilirdi:
“İndi isə mənə elə gəlir ki, artıq belə ehtiyat fondları yoxdur və ya bu məqsədlər üçün vəsait nəzərdə tutulmur. Nəticədə vətəndaşlara şablon şəkildə “Büdcəmizdə bu nəzərdə tutulmayıb, kömək edə bilmərik” cavabı verilir. Amma vətəndaşın problemi həll olunmamış qalır və belə insanların sayı getdikcə artır.
Buna görə də bilmək istərdim: ayrı-ayrı nazirliklər və dövlət qurumları üçün belə ehtiyat fondları nəzərdə tutulurmu? Hazırda bu cür fondlar varmı və ya onların yaradılması mümkündürmü?
Düşünürəm ki, belə vəsaitlər mütləq nəzərdə tutulmalıdır. Hər bir dövlət orqanı büdcə ilə bağlı təqdimatlarını keçirərkən, məsələn, hansı sahələr və əhali qrupları üzrə nə qədər insana yardım göstərildiyi, neçə nəfərin probleminin həll olunduğu barədə də məlumat verə bilər”.
Safura Bənnayeva
Globalinfo.az