“2022-ci ildə təhsil bölməsi üzrə ayrılan xərclərin həcmi 3,9 milyard manat idisə, bu gün həmin rəqəm təxminən 5,1 milyard manat təşkil edir. Beləliklə, təxminən 30 faizdən çox artım qeydə alınıb”.
Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O qeyd edib ki, 2026–2027-ci tədris ilində təhsil sistemi 2,2 milyon nəfəri əhatə edir:
“Onlardan 1,6 milyon nəfəri ümumi təhsildə, 260 min nəfəri ali təhsildə, 226 min nəfəri məktəbəqədər təhsildə, 64 min nəfəri orta ixtisas təhsilində, 45 min nəfəri isə peşə təhsilində təhsil alır. Ümumilikdə, bu, 2,2 milyon nəfər deməkdir. Eyni zamanda, inzibati heyəti və valideynləri də nəzərə alsaq, yəqin ki, təhsil xidməti ən böyük dövlət xidmətlərindən biridir. Bu il 128 min övladımız, uşağımız birinci sinfə qədəm qoyub. Həmçinin, 2027-ci il üçün dövlət büdcəsi layihəsində təhsil xərclərinin dövlət büdcəsinin ümumi xərclərində payı 12 faiz, ümumi daxili məhsulda payı isə 3,6 faiz olaraq proqnozlaşdırılır”.
Nazir müavini bildirib ki, 2013-cü ildə məktəbəqədər təhsillə əhatə olunan 1–5 yaşlı uşaqların payı 16 faiz təşkil edirdisə, bu gün həmin rəqəm 42 faizə çatıb:
“104 mindən çox müəllimin sertifikatlaşdırılması həyata keçirilib, 91 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib. 2022-ci ildə mövcud infrastrukturu yararsız vəziyyətdə olan və ya qəzalı məktəblərin sayı 900 idisə, bu gün həmin rəqəm təxminən 400 təşkil edir. 300 mindən çox şagird sistemli tədrisə cəlb olunub.
Peşə təhsilinə qəbul 2020-ci ildəki 14,8 min nəfərdən bu il 28 min nəfərə yüksəlib, yəni iki dəfə artıb. 78 min nəfər üçün ali təhsilə qəbul imkanı yaradılıb. 2022-ci ildə bu rəqəm 54 min nəfər idi. İndiyədək 97 mindən çox şəxs təhsil tələbə kreditindən yararlanıb. Şagird-kompüter nisbətinə gəlincə, əgər 2020-ci ildə hər 36 şagirdə bir kompüter düşürdüsə, bu gün həmin göstərici hər 6 şagirdə bir kompüter təşkil edir.
Qeyd etmək istərdim ki, strategiyanın iki ali təhsil hədəfinə də nail olunub. Bunlar beynəlxalq qiymətləndirmə tədqiqatları üzrə nəticələrin yaxşılaşdırılması və üç ali təhsil müəssisəsinin dünya üzrə TOP-800 reytinqində yer alması hədəfləridir”.
Safura Bənnayeva
Globalinfo.az