9c2534c92cf4a44332ecdb6c8cb8b922

Büdcədən maliyyələşən qurumlarda, dövlət müəssisələrində və dövlətin payı olan şirkətlərdə 13-cü maaşın verilməsinin məcburi olması təklif edilir.

Globalinfo.az xəbər verir ki, bunu İctimai TV-ə açıqlamasında əmək hüquqları üzrə ekspert Altay Cəfərov bu ödənişin həmin qurumlarda tətbiqinin məqsədəuyğun olduğunu bildirib.

Ekspertin sözlərinə görə, 13-cü maaş müəssisənin illik fəaliyyətinin nəticələrinə əsasən işçilərə verilən əlavə ödənişdir. Bu ödəniş mükafat, bonus və ya əlavə əməkhaqqı formasında təqdim oluna bilər.

“Yaxşı olardı ki, büdcədən maliyyələşən qurumlarda, dövlət müəssisələrində və dövlətin payı olan müəssisələrdə bu, məcburi xarakter daşısın”, – deyə Altay Cəfərov vurğulayıb.

O qeyd edib ki, bir sıra Avropa və Cənubi Amerika ölkələrində 13-cü maaş tətbiq olunur, bəzi dövlətlərdə isə bu ödəniş qanunla məcburidir.

Hazırda Azərbaycanda 13-cü maaşın bütün işçilərə verilməsi məcburi deyil. Təqdim olunan izaha əsasən, əmək və ya kollektiv müqavilədə, yaxud müəssisənin mükafatlandırma qaydalarında ilin sonunda əlavə ödəniş nəzərdə tutulubsa, işçi müəyyən edilmiş şərtlər əsasında həmin ödənişi tələb edə bilər. Belə öhdəlik olmadıqda isə işəgötürənin bütün əməkdaşlara 13-cü maaş verməsi məcburi sayılmır.

Paylaş: