japarov 1

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin cənub bölgələrində özbəklərlə qırğızlar arasında millətlərarası qarşıdurma yaratmaq cəhdlərinin ola biləcəyi barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, Japarov bu barədə sosial şəbəkə hesabında xalqa müraciətində bildirib. Onun sözlərinə görə, belə təxribatların əsas məqsədi kütləvi iğtişaşlara səbəb olmaq və qarşıdan gələn prezident seçkilərinin keçirilməsinə mane olmaqdır.

Prezidentin sözlərinə görə, müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar bəzi siyasi qüvvələrin seçkilər ərəfəsində iki etnik qrup arasında düşmənçilik yaratmaq ssenarilərini müzakirə etdiyini göstərir.

O, konkret şəxslərin adlarını açıqlamasa da, belə planların həyata keçirilməsi ehtimalını istisna etməyib. Japarov hesab edir ki, bunun üçün milli hisslərə toxunan yalan məlumatların və təxribat xarakterli çağırışların yayılması kifayət edə bilər.

Dövlət başçısı 1990 və 2010-cu illərdə qırğızlarla özbəklər arasında baş vermiş qanlı toqquşmaları xatırladaraq, həmin hadisələrin hər iki xalq üçün ağır nəticələr doğurduğunu vurğulayıb.

Japarov xüsusilə yaşlı nəslə müraciət edərək hər iki xalqın ağsaqqallarını gəncləri keçmiş münaqişələrin faciəli nəticələri barədə məlumatlandırmağa çağırıb. Onun sözlərinə görə, hazırda 20-25 yaşlarında olan gənclərin əksəriyyəti həmin hadisələri şəxsən yaşamadığından mümkün qarşıdurmanın təhlükəsini tam dərk etməyə bilər.

Prezident, həmçinin vətəndaşlardan etnik nifrəti qızışdıran çağırışlar və şübhəli fəaliyyətlərlə bağlı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə və yerli hakimiyyət orqanlarına məlumat vermələrini istəyib. 

Qeyd edək ki, Qırğızıstanda növbəti prezident seçkiləri 2027-ci il yanvarın 27-nə təyin edilib. Japarovun xəbərdarlığı seçki kampaniyasına hazırlıq dövründə ölkədə mümkün etnik gərginliklərlə bağlı narahatlıqları gündəmə gətirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: