“The New York Times”in məlumatına görə, Türkiyə, İraq və Pakistan ABŞ-ın İranla bağlı tələblərini rədd edir. Nəşr yazır ki, ABŞ-ın İranla sərhədlərin bağlanması üçün qonşu ölkələrə təzyiq göstərmək cəhdləri nəticəsiz qalıb.

Türkiyə sərhəd siyasətini dəyişməkdən, İraq isə iki keçid istisna olmaqla bütün sərhəd-keçid məntəqələrini bağlamaqdan imtina edib. Bu vəziyyətin Vaşinqtonun İrana qarşı iqtisadi blokadanı sərtləşdirmək planlarına mane olduğu bildirilir.

Vaşinqtonun rədd cavabına görə bu 3 ölkəyə qarşı hər hansı addımı ola bilərmi? Beləliklə, İrana hücum planları da suya düşür?

Globalinfo.az-a danışan siyasi şərhçi Əlabbas Məhərrəmov deyib ki, bu vəziyyətdə ən çətin durumda qalacaq ölkə İraqdır:

“Çünki İraqın ABŞ-dan iqtisadi və maliyyə asılılığı Türkiyə və Pakistanla müqayisədə daha çoxdur. Vaşinqtonun İraqın neft gəlirləri və dollar əməliyyatları üzərində ciddi təsir imkanları var. Pakistan nüvə dövlətidir və güclü orduya malikdir, Türkiyə isə NATO üzvü olmaqla yanaşı, regionda ciddi hərbi və siyasi gücə sahibdir. Buna görə ABŞ-ın ilk növbədə İraqa iqtisadi və diplomatik təzyiqləri artırmağa çalışacağını düşünürəm.

Digər tərəfdən, hazırkı şəraitdə Vaşinqtonun bu ölkələrə qarşı hərbi güc tətbiq edəcəyinə inanmıram. Əsas təzyiq vasitələrinin diplomatik, iqtisadi və maliyyə xarakterli olacağı qənaətindəyəm.

elabbas meherremov 1
Əlabbas Məhərrəmov

Burada Prezident Donald Trampın ABŞ daxilində zəifləyən siyasi mövqeyi də nəzərə alınmalıdır. 3 noyabr aralıq seçkilərində demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük əldə etməsi onun qarşıdakı iki ildə qərarlarını həyata keçirməsini çətinləşdirə bilər. Yeni Konqres yanvarın 3-də fəaliyyətə başlayacaq. Bu, xüsusilə İrana qarşı genişmiqyaslı hərbi əməliyyat qərarlarında siyasi və institusional maneələri artıra bilər. Bununla belə, Trampın hərbi qərar vermək səlahiyyəti avtomatik məhdudlaşmır.

Ona görə də düşünürəm ki, qarşıdakı dövrdə əsas sual ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlayıb-başlamayacağı deyil, Vaşinqtonun iqtisadi və diplomatik təzyiqlərlə istədiyi nəticəni əldə edib-etməyəcəyidir. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini isə zaman göstərəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: