Rusiya, ABŞ və Çin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində üçtərəfli danışıqların gündəliyini müəyyənləşdirmək üzərində işləyirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, mümkün müzakirə mövzuları arasında nüvə silahlarından imtina və nüvə silahlarının idarə olunmasında süni intellekt (Sİ) texnologiyalarının tətbiqi qaydaları var:
“Üç ölkənin diqqəti tərəflərin razılığa gələ biləcəyi sahələrə, xüsusilə də nüvə qüvvələrinin komandanlıq və idarəetmə sistemlərində süni intellektin roluna yönəlib. Danışıqlar bu sahədə süni intellektə nəzarətlə bağlı razılaşmanın imzalanması ilə nəticələnə bilər.
ABŞ tərəfi isə Vaşinqton, Moskva və Pekinin malik olduğu nüvə silahları üzərində nəzarətin gücləndirilməsi məsələsinin müzakirəsində israrlıdır.
Pekin, öz növbəsində, strateji sabitliklə bağlı danışıqları əvəzləyəcək alternativ kimi nüvə arsenalından istifadədə “şəffaflıq” məsələsinin müzakirəsini təklif edir”.
Gündəliyə daxil edilə biləcək digər məsələlər arasında nüvə qüvvələrinin komandanlıq, idarəetmə və rabitə sistemlərinə süni intellekt vasitəsilə kiberhücumların qadağan edilməsinə dair razılaşma da var.
Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az