“Mətbuatda oxudum ki, SOCAR Türkiyəyə indiyədək 20 milyard dollara yaxın vəsait yatırıb. İndi isə Petkim şirkətinə əlavə 5–7 milyard dollar investisiya qoyulması nəzərdə tutulur. Halbuki həmin şirkətə artıq 2 milyard dollar vəsait yatırılıb, 2025-ci ili isə 200 milyon dollardan artıq zərərlə başa vurub. 2026-cı ilin ilk 9 ayında da cəmi 38 milyon dollar gəlir əldə edib”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, bu məsələlər dövlət büdcəsində öz əksini tapmalıdır:
“Hökumət bu qədər investisiya qoyursa, həmin sərmayələrin qarşılığında nə qədər yeni iş yerinin açılacağı da açıqlanmalıdır. Azərbaycan Konstitusiyasının 15-ci maddəsinin ikinci hissəsində açıq şəkildə qeyd olunur ki, dövlət sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaratmalıdır.
Ümumiyyətlə, SOCAR-ın Azərbaycana indiyədək nə qədər vəsait yatırdığı barədə məlumat verilməsi yaxşı olardı. Müstəqillik əldə etdiyimiz vaxtdan bu günə qədər ölkəmizə nə qədər investisiya qoyulub? Bu, çox düşündürücü məsələdir. Bizim ölkədə yeni iş yerlərinin açılmasına bu qədər ehtiyac olduğu halda, Türkiyə qardaş ölkə olsa da, ora artıq 20 milyard dollara yaxın vəsait yatırılıb. İndi əlavə 5–7 milyard dollar sərmayə qoyulmasının da əsaslandırılması vacibdir”.
Deputat əlavə edib ki, Xətai rayonunda çoxsaylı doqquzmərtəbəli binaların zirzəmiləri su və kanalizasiya suları ilə dolub:
“Həyətlərin abadlaşdırılmasına ehtiyac var, küçə itlərinin də sayı artıb. Onlar üçün sığınacaqlar tikilməlidir. Bu məsələlərlə bağlı bir neçə dəfə müraciət etdikdən sonra Baş nazir Əli Əsədov sağ olsun, məni qəbul etdi. Həmin problemləri onun da diqqətinə çatdırdım. Təəssüf ki, bu məqsədlər üçün vəsait ayrılmır. Problemlər ciddi olaraq qalır və sakinləri narahat edir”.
Safura Bənnayeva
Globalinfo.az