makron

“Fransa Rusiya ilə hərbi toqquşma baş verəcəyi təqdirdə uzaqmənzilli raketlərin tətbiqi qaydalarını Almaniya ilə razılaşdırmaq istəyir. Çünki Parisdə ehtiyat edirlər ki, istənilən səhv Moskvanın nüvə cavabına səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Paris Almaniya rəsmiləri ilə məsləhətləşmələr aparır.

Məqsəd Berlinin dərin və dəqiq zərbələr üçün nəzərdə tutulan silahların tətbiqinə yanaşmasını Fransanın nüvə strategiyası ilə uzlaşdırmaqdır.

Fransalı rəsmilərdən birinin sözlərinə görə, Rusiyanın hər hansı bir hədəfinə hətta adi silahlarla endirilən zərbə belə nüvə cavabına səbəb ola bilər:

“Buna görə də Moskva verilən siqnalı yanlış şərh edərsə, vəziyyət sürətlə nüvə müharibəsi səviyyəsinə qədər gərginləşə bilər. Üstəlik, tərəflər təhlükəni vaxtında dərk etməyə bilərlər. Parisin narahatlığı Almaniya, Böyük Britaniya, Polşa, eləcə də Baltikyanı ölkələrdə uzaqmənzilli silah arsenalının genişləndirilməsi fonunda yaranıb”.

Nəşr qeyd edib ki, Berlin 500–2000 kilometr mənzilli, Rusiyanın dərinliklərinə zərbələr endirməyə imkan verən yerüstü raketlər alır və hazırlayır.

Bu müzakirələr Fransa Prezidenti Emmanuel Makronun Fransa nüvə potensialının digər Avropa ölkələrinin təhlükəsizliyinə necə töhfə verə biləcəyini müzakirə etmək təklifi fonunda aparılır.

Fransalı rəsmilər Makronun “qabaqcıl çəkindirmə” konsepsiyasının arzuolunmaz nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirlər. Belə ki, Almaniya və ya digər Avropa tərəfdaşları Rusiyaya zərbə endirərsə, Moskva buna görə məsuliyyəti Parisin də üzərinə qoya bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: