2026-cı il noyabrın 8-də Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edən ölkə və təşkilatların sayı artıb. Diqqətçəkən məqam odur ki, Azərbaycanın üç qonşusu – Rusiya, İran və Gürcüstan bu münasibətlə təbrik göndərməyib. Eyni zamanda, ABŞ, Çin, Fransa və Böyük Britaniya, Avropa İttifaqı (Aİ) da təbrik etməyib.
Bu ölkələrin təbrik göndərməməsinin səbəbi nədir?
Globalinfo.az-a danışan politoloq Anar İsayev deyib ki, bunu ayrı-ayrı diplomatik epizodlar kimi deyil, daha geniş geosiyasi kontekstdə qiymətləndirmək lazımdır:
“Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi və 2023-cü ildə suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda qüvvələr nisbətini əsaslı şəkildə dəyişib. Bu dəyişiklik isə bir sıra dövlətlərin regionla bağlı əvvəlki maraqlarına və təsir imkanlarına yenidən baxmasını tələb edir. Burada əsas amil Azərbaycanın yeni regional güc mərkəzi kimi mövqeyinin möhkəmlənməsidir. Rusiya və İran regionda əvvəlki təsir imkanlarının azalmasından, Qərb dövlətlərinin bir qismi isə Azərbaycanın hərbi-siyasi qələbəsinin yaratdığı yeni reallıqlardan narahatdır. Fransa və Avropa İttifaqının müəyyən dairələrində Ermənistanla siyasi həmrəylik də bu münasibətdə özünü göstərir. ABŞ və Böyük Britaniya isə daha çox regional maraqlar, Ermənistanla münasibətlər, sülh gündəliyi çərçivəsində ehtiyatlı diplomatik mövqe nümayiş etdirirlər. Çinin davranışını ənənəvi diplomatik neytrallıqla izah etmək mümkündür. Gürcüstanın susqunluğu da Azərbaycan və Ermənistanla münasibətlərdə balansı qorumaq istəyi ilə bağlı ola bilər”.
Anar İsayev
Politoloq bildirib ki, bu ölkələrin təbrik göndərməməsinin arxasında vahid səbəb dayanmır:
“Burada ümumi məntiq Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlara münasibətlə bağlıdır. Bəzi dövlətlər bu reallıqlarla barışmaqda çətinlik çəkir, digərləri isə öz regional maraqlarını nəzərə alaraq diplomatik ehtiyatlılıq nümayiş etdirirlər. Əsas nəticə odur ki, Azərbaycanın Zəfəri yalnız hərbi qələbə deyil, həm də Cənubi Qafqazda yeni siyasi reallığın formalaşmasıdır. Ayrı-ayrı dövlətlərin bu tarixi hadisəyə münasibətdə susqunluğu da həmin reallığın beynəlxalq səviyyədə hələ tam qəbul olunmadığını göstərən diplomatik işarə kimi qiymətləndirilə bilər. Lakin təbrikin olmamasını avtomatik olaraq Azərbaycana qarşı düşmənçilik kimi dəyərləndirmək düzgün olmaz”.
Ləman İmran
Globalinfo.az