431765

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında baş tutan üçtərəfli danışıqların ilk gününün yekunlarına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Zelenskinin bildirdiyinə görə, görüşlərin ilk mərhələsində Ukrayna nümayəndə heyəti avropalı və amerikalı tərəfdaşları ilə məsləhətləşmələr aparıb. Ardınca Rusiya təmsilçilərinin də qatıldığı üçtərəfli müzakirələr keçirilib.

Ukrayna lideri görüşün nəticələrini müsbət qiymətləndirərək üçtərəfli formatda aparılan müzakirələrin konstruktiv və kifayət qədər məzmunlu olduğunu vurğulayıb.

Danışıqlar zamanı mümkün humanitar addımlar, xüsusilə hərbi əsirlərin azad edilməsi məsələsi diqqət mərkəzində olub. Bununla yanaşı, Ukraynaya veriləcək təhlükəsizlik təminatları və müharibənin yenidən başlamasının qarşısını almaq üçün nəzərdə tutulan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.

Zelenski, həmçinin müzakirələrdə gərginliyin azaldılmasının vacibliyinin xüsusi olaraq önə çəkildiyini bildirib.

Prezident danışıqlar qrupuna növbəti günün işi ilə bağlı konkret göstərişlər verdiyini də açıqlayıb. Onun sözlərinə görə, üçtərəfli təmaslar noyabrın 11-də davam edəcək. Eyni zamanda ABŞ və Avropa nümayəndələri ilə məsləhətləşmələrin aparılması planlaşdırılır.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: