tbilisi tiflis

Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünə ziyan vurulması işi üzrə təqsirləndirilən Ermənistan vətəndaşı İ.A.-nın ilk məhkəmə iclası noyabr ayından dekabra keçirilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə “Sputnik Ermənistan“a onun hüquq müdafiəçisi Teona Peradze məlumat verib.

“Gürcüstanda saxlanılan Ermənistan vətəndaşı ilə bağlı psixiatrik ekspertizanın rəyi dekabrın 21-dək hazır olacaq. İşin gələcək gedişatı məhz bu nəticələrdən asılıdır”, – deyə o qeyd edib.

Məhz bu səbəbdən ilkin istintaqın müddəti uzadılıb.

Vəkil həmçinin müdafiə etdiyi şəxsin səhhəti barədə də danışıb:

“Onun ürəyində və ümumi sağlamlığında problemlər var. Hazırda həmin şəxs həbsxanada müalicə alır və həkimlərin nəzarəti altındadır. Əgər stasionar müalicəyə ehtiyac yaranarsa, o, mülki xəstəxanaya köçürüləcək”.

Teona Peradze bildirib ki, tutulan şəxsin qohumları onunla telefon vasitəsilə əlaqə saxlayırlar, lakin Gürcüstana gəlməyiblər. Ermənistan səfirliyinin nümayəndələri isə ona baş çəkərək söhbət edib və saxlanma şəraiti ilə maraqlanıblar.

Təqsirləndirilən şəxsə əsas yardımı Gürcüstandakı erməni icması göstərir, ona geyim və lazımi şəxsi əşyalar çatdırılır.

Daha əvvəl “Sputnik Ermənistan” yazmışdı ki, 40 yaşlı kişi sentyabrın sonundan etibarən 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. İlkin versiyaya görə, o, Gürcüstana sentyabrın 20-də gəlib. Sentyabrın 21-nə keçən gecə Tbilisinin parklarından birində ucaldılmış Heydər Əliyevin abidəsinə zərər yetirib. İstintaqın məlumatına əsasən, bundan sonra həmin şəxs ölkəni tərk etməyə cəhd göstərib, lakin sərhəddə yaxalanıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin əmlaka ziyanvurma məsuliyyətini nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsi beş ilə qədər həbs cəzası gözləyir.

Paylaş: