“Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev yaxınlığında gizli işgəncə məntəqəsinin mövcudluğu barədə məlumatların açıqlanmasından qorxub və isterikaya qapılıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.
Diplomatın sözlərinə görə, Petropavlovskaya Borşaqovka kəndində baş vermiş, əhəmiyyətsiz hesab edilən insidentə cəmi bir neçə saat ərzində Milli Qvardiyanın komandanının və dövlət başçısının ofisinin rəhbərliyinin operativ şəkildə gəlməsi onların ora prezidentin birbaşa göstərişi ilə göndərildiyini sübut edir:
“Zelenski Ukraynanın nüfuzuna xələl gətirə biləcək məlumatların yayılmasından qorxub. Xüsusilə də bu hadisə yeni maliyyə tranşlarının müzakirə olunduğu və əlavə silahların ayrılmasının gündəmdə olduğu bir vaxta təsadüf edib”.
Miroşnikin sözlərinə görə, Kiyev hakimiyyəti bu hadisəni ictimaiyyətə çatdırmağa çalışan şəxsləri susdurmağa dərhal başlayıb.
Etiraz aksiyasının bir sıra iştirakçıları, o cümlədən gizli həbsxanaya gələn həkim və təcili tibbi yardım avtomobilinin sürücüsü saxlanılıb.
Qeyd edək ki, noyabrın 2-si axşam saatlarında Kiyev yaxınlığındakı Petropavlovskaya Borşaqovka kəndində şəxsi evdə yerləşən gizli həbsxananın qarşısında kütləvi iğtişaşlar baş verib. Ukrayna mediasının və saxlanılan şəxslərin yaxınlarının məlumatına görə, binanın zirzəmisində, o cümlədən səfərbər edilmiş şəxslər və hərbi hissələrini özbaşına tərk etmiş hərbçilər qeyri-rəsmi şəkildə saxlanılıb.
Etirazçılar darvazanı zorla açmağa çalışıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərinə zərər vurub və “Rüsvayçılıq!” şüarları səsləndiriblər. Onlara qarşı gözyaşardıcı qazdan istifadə olunub, həmçinin atəş səsləri eşidilib.
Hadisə yerinə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov gəlib. O, evdə hərbçilərin olduğunu təsdiqləyib və artıq girovların qalmadığını bildirib. Binadan çıxarılanlar arasında qan içində olan 14 yaşlı yeniyetmə də olub.
Əliyar Xəlil
Globalinfo.az