Noyabrın 6-dan Azərbaycanda qazla işləyən məişət cihazlarının təhlükəsizliyinə dair yeni tələblər qüvvəyə minir. Yeni qaydalar qaz plitələrindən tutmuş kombi və su qızdırıcılarına qədər geniş çeşiddə avadanlıqları əhatə edir. Əsas məqsəd qaz sızması, partlayış, dəm qazı təhlükəsi və yanma məhsullarının yaşayış sahələrinə yayılması riskini minimuma endirməkdir.
Yeni qaydalar nəyi ehtiva edir? Vətəndaşlar evlərindəki qaz cihazlarını dəyişməli olacaqlar?
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, ölkəmizdə qazla işləyən məişət cihazlarının təhlükəsizliyinə dair yeni texniki reqlament qüvvəyə minir:
“Bu qərar dövlət səviyyəsində atılmış strateji addımdır və əsas məqsəd hər il qarşılaşdığımız ağır qaz sızması və dəm qazı zəhərlənmələrinin, eləcə də qaz sızması nəticəsində baş verən partlayış hadisələrinin qarşısının sistemli şəkildə alınmasıdır. Təhlükəsizlik baxımından bu standartlar bazara nəzarəti tam dəyişəcək. Artıq təhlükəsizlik klapanı olmayan, alov söndükdə və ya tüstü bacasında zərrə qədər nasazlıq yarandıqda qazı avtomatik kəsməyən heç bir cihaz ölkəyə idxal oluna bilməyəcək və onların satışı qanunsuz hesab olunacaq”.
Orxan Musayev
Ekspertin sözlərinə görə, təhlükəsizlik zənciri təkcə dövlət standartı və müasir cihazların tələbləri ilə bitmir:
“Ən müasir kombi və ya su qızdırıcısı belə qeyri-peşəkar quraşdırıldıqda, standartlara uyğun olmayan birləşmələrdən istifadə edildikdə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Xüsusilə qış aylarında otaqlarda havalandırma kanallarının qapadılması və tüstü bacalarının baxımsız qalması dəm qazının yaranma riskini artıran amil hesab olunur. Bu səbəbdən hər bir mənzildə həm qaz sızmasını, həm də dəm qazını təyin edən xüsusi detektorların quraşdırılması zəruri hesab olunur. Bu kiçik sensorlar hər hansı bir nasazlıq anında saniyələr içində siqnal verərək insan həyatını xilas edir və erkən xəbərdarlıq sistemi hesab olunur. Qaz təhlükəsizliyi məsələlərində kiçik bir səhlənkarlıq belə böyük faciələrə səbəb ola bilər. Odur ki, yeni qaydalar bu riskləri minimuma endirmək üçündür, lakin hər bir vətəndaşın öz evində təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşması əsas şərtdir”.
Zaira Akifqızı
Globalinfo.az